Azərbaycan Birinciliyi və Bakı Çempionatında iştirak məndə öz bacarığıma inam yaradır – Gənc gimnast

Xəbər - Cani Babayeva – Trend:

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və
Bakı Çempionatında iştirak məndə öz bacarığıma inam yaradır və
gələcək üçün gözəl başlanğıc olacaq.

Bu barədə AzerTimes-a “Ocaq Sport” klubunun təmsilçisi, yarışın gənc
iştirakçısı Nəzrin Hümbətova deyib.

“Yarışa hazırlıq asan olmadı, yaxşı nəticə göstərmək üçün çox
məşq etdim. Düşünürəm ki, Azərbaycan birinciliyi və Bakı çempionatı
peşəkarlığın yüksəldilməsində mühüm mərhələdir. Milli Gimnastika
Arenasında ilk dəfə deyil ki, çıxış edirəm. Buradakı yarışlar
həmişə məndə özümə inam yaradıb”, – N.Hümbətova qeyd edib.

İdmançı yeddi ildir ki, gimnastika ilə məşğul olduğunu
bildirib.

“Gələn həftə Bakıda idman gimnastikası üzrə Dünya Kuboku
başlayır. Yarışları mütləq izləyəcəyəm və ölkəmizin təmsilçiləri –
Samirə Qəhrəmanov və Milana Minakovskayanı dəstəkləyəcəyəm”, – gənc
gimnast əlavə edib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində
yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli
Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə
biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

Teqlər: