Dövlət Komitəsinin sədri almaniyalı professorla görüşüb

Azərbaycanda səfərdə olan Bohum Universitetinin Sülhün Tədqiqi
və Beynəlxalq Humanitar Hüquq İnstitutunun beynəlxalq hüquq üzrə
professoru Hans Yoahim Hainz Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradovla görüşüb.

AzerTimes-ın məlumatına görə,
qonağı salamlayan Dövlət Komitəsinin sədri komitənin fəaliyyəti,
diasporun təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında rolu barədə ətraflı məlumat verib.
Qeyd edib ki, Avropada Azərbaycanla bağlı həqiqətləri dilə gətirə
bilən tədqiqatçılarından biri olan professorun fəaliyyəti
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı
alman cəmiyyətinin məlumatlandırılmasında mühüm rol oynayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hans Yoahim Hainz
Azərbaycana tədqiqat səfərinə gəldiyini söyləyib. Onun sözlərinə
görə, işğalın nəticələri və post-müharibə dövrünün çağırışları ilə
bağlı tədqiqatlar aparır. Regionda vəziyyətlə bağlı apardığı
tədqiqatlardan söz açan qonaq qeyd edib ki, münaqişələr və
müharibələrlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında
müstəqil araşdırmaların böyük əhəmiyyəti vardır.

Qeyd edək ki, Hans Yoahim Hainz eyni zamanda Almaniya Xarici
İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının
məruzəçisidir. O, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə
bağlı monoqrafiyanı 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü
ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis
dilində nəşr etdirib.

Teqlər: