“Azad… içki” arzulayan qadınlar: siz kimsiniz?

“Azad… içki” arzulayan qadınlar: siz kimsiniz?

Feminizmin nə olduğu bəllidir və məqsədi də gözəldir. Qadınların azadlığı uğruna hesablanan, cinslərin bərabərliyini istəyən bir ideologiya niyə də pis olsun? Əlbəttə, hər kəs qanun və bir-birinin qarşısında bərabər olarsa, daha gözəl olar.

Fəqət, burada elə qadınlar kimi incə bir məqam var: Niyə feminizm Azərbaycanda geniş yayıla bilmir? Niyə digər azərbaycanlılar onlara inanmır, əksinə, lağ, təhqir edir?

Çünki azca məntiqi olan hər kəs görür ki, “işin içində bir iş” var. Əsrlərdir oturuşmuş ənənəsi, yaşam tərzi, dəyəri olan bir xalqın qarşısına hüquq bərabərliyi əvəzinə “azad seks”lə çıxanda necə olacaq? O görmür ki, bütün bunlar səmimi deyil? O görmür ki, bu ideologiyanı təqdim edənlər kimlərdir və məqsədləri nədir?

Hüquq bərabərliyindən danışıb kişilərə qarşı latent nifrət heç zaman ayaq açıb yeriyə bilməz. Nəzərə alsaq ki, bizdə həm də patrialxal qaydalar var, heç alınası deyil.

Feministlərin “Qadının da hər şeyə haqqı var, o da istədiyi ilə gəzər, istədiyi qədər içər, çəkər, evə gec gələr” və sairə düşüncələrini hansı azərbaycanlıya yedirtmək olar?

Məgər indiyə qədər istədiyi ilə gəzənə, çəkib-içənə nəsə deyən olub? Kim gedib yolda siqaret çəkən, restoranda içki içən qadına deyib ki, ay əxlaqsız, bu nədir?

Feministlərin problemi ondadır ki, yaşamaq istədikləri yüngül həyat tərzinə başqa qadınları da cəlb etməyə çalışırlar. Əlbəttə, bu cür qadınlara atası, qardaşı, əmisi, dayısı, lap belə xalası oğlanları tərəfindən də mənəvi və fiziki şiddət olur. Amma kimsə ailəsi ilə yaşadığı problemi bütöv cəmiyyətin üstünə niyə atmalıdır? Sən elə yaşamaq istəyirsənsə, buna qarşı çıxan ailəndən uzaqlaş, həyatını qur. Başqalarını neynirsən? Bir ağıllı sənmi çıxdın? Guya sən dəhşət ürəyi yanansan, istəyirsən ki, bütün qadınlar azad olsun? Heç bir qadın təqdim etdiyin “azadlığı” istəmədi, bilmədi, bir gözüaçıq sən oldun? Sənin bərabərlik anlayışın ancaq “azad cinsi əlaqədir”? İçmək, çəkmək, gəzmək, qısa geyinmək – get, nə istəyirsən et, problemini də ailələnlə həll elə. Axı biz bilirik sən yekə bir oyunun içində idarə olunan oyuncaqsan.

Azərbaycan xalqı bu cür məsələlərdə çox ağıllıdır. Nəinki kişilər, heç qadınlar da onlara inanmır, qoşulmur. Bu cür ideologiyaların daşıyıcısı olan qadınlara baxın: Hamısı eyni adamlardır, sıralarına bir nəfər də əlavə olunmayıb. Əksinə, elə başqa qadınların onlara münasibəti də yaxşı deyil. Çünki ağlı başında olan qadın görür ki, belə azadlıq olmur. Bu, ailə institutunun dağılması, əxlaqi dəyərlərin məhv olmasının əsasıdır.

Ona görə də Azərbaycandakı bir ovuc feministə izah etmək lazımdır ki, ay xanım, mətbəx cəhənnəm deyil, siz də zəncirlənmiş Prometey…

Teqlər: