Autizim sindromu nə ilə xarakterizə olunur?

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor
Fuad İsmayılov uşaqlarda autizm sidromu barəsində danışıb.

Trend müsahibəni təqdim edir.

– Fuad müəllim, bildiyiniz kimi, aprelin 2-si Ümumdünya Autizm
haqqında Məlumatlandırma Günüdür. Bu sindrom nə ilə xarakterizə
olunur?

– Autizm spektrli pozuntular (ASP) sosial qarşılıqlı
münasibətlər və sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi
çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və
dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntu
inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır. Sosial
tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər isə simptomlar
tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial,
təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yaradır.
Beləliklə, autizm spektrli pozuntusu olan şəxslər sosial təmasdan
yayınır, digər insanları başa düşməkdə və öz emosiyalarını ifadə
etməkdə çətinlik çəkirlər.

– Azərbaycanda autizm sindromu olan uşaqların sayı barədə
məlumat verərdiniz…

– 2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizimli
uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm
spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir.
Bundan əlavə, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk
dəfə müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə
atipik autizimli uşaqların sayı 10 nəfər olub.

– Hamiləlik zamanı doğulacaq körpənin autizm sindromlu olmasını
öyrənmək mümkündürmü?

– Hesab edilir ki, autizm beynin müxtəlif nahiyələrində sinir
hüceyrələri arasında sinaptik əlaqələrin pozulmasına səbəb olan
fərqli gen mutasiyaları ilə əlaqədardır.
Autizmi ana bətnində öyrənmək mümkün deyil. Dünyanın hansısa
ölkəsində bunu dəqiq təyin edən üsul və test mövcud deyil. İlkin
mərhələdə uşağın kontaktına diqqət eləmək lazımdır. Əgər uşaq
suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn
narahat olmalıdır. 2-5 yaş arasında valideynlər övladlarına diqqət
yetirməlidilər, çünki körpələrin ünsiyyət qurması adətən 2 yaşdan
başlayır. Autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq
çətinləşir.

– Autizm spektrli pozuntuların diaqnostikası necə müəyyən
olunur?

– Autizm spektrli pozuntuların diaqnostikası üçün müxtəlif
psixoloji testlərdən istifadə edilir. Məsələn, autizmin qısa
zamanda aşkar edilməsi (skrininq) üçün M-CHAT şkalası (Autizm erkən
uşaqlıq dövründə aşkarlanması), autizm simptomlarının daha ətraflı
araşdırılması üçün isə ASP Qiymətləndirilməsi Şkalası tətbiq
edilir. Bütün bu şkalalar yalnız mütəxəssislər tərəfindən istifadə
edilə bilər. Valideynlər isə ilk növbədə uşağın ümumi inkişafına
nəzarət etməli və ən kiçik problem zamanı belə dərhal mütəxəssisə
(uşaq psixiatrı və ya psixoloq) müraciət etməlidirlər.

– Autizm spektrli pozuntuların medikamentoz müalicəsi
mövcuddurmu?

– Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur.
Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil,
loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq
terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu
proqramlar vasitəsilə müəyyən irəlləyiş əldə etmək mümkündür.
Ölkəmizin 14 regionunda uşaq poliklinikaları bazasında uşaq psixi
sağlamlıq bölmələri yaradılıb. Müəssisələrdə uşaq psixiatrı,
psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu
multidisiplinar komanda fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdə
rast gəlinən psixi sağlamlığın digər problemləri ilə yanaşı, bu
mütəxəssislər autizm spektrli pozuntusu olan uşaqlara da yardım
göstərir.

Teqlər: