“Azəriqaz”ın sabiq əməkdaşı məhkəmə zalından həbs edildi

“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı
Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı
Xidmətinin sabiq operatoru Mətləb Kərimovun cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumarına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm
oxunub.

Məhkəmənin hökmü ilə, Mətləb Kərimov 6 il azadlıqdan məhrum
edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz
İstismarı Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı
Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar
oğlu və Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin operatoru
vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz
hərəkətləri barədə məlumat yayıb. Adları çəkilən şəxslər barəsində
daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış ilkin
araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə
girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən
ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru
xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5
min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən
kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə
cinayət işi başlanılıb.

Mələsə ilə bağlı “Azəriqaz” açıqlama yayaraq bildirib ki, Mətləb
Niyazi oğlu Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl
klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla
müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul
olmayıb. “M.Kərimov müalicə almasına baxmayaraq BRQİD-nin xidməti
ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni
yerini dəyişdirib və Departamentin normal iş fəaliyyətinin təşkil
olunmasına maneçilik törədib, eyni zamanda onun bu hərəkəti
istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına
səbəb olub. Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar
müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də
30.04.2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin
müvəqqəti itirilməsi barədə M.Kərimov tərəfindən heç bir
təsdiqedici sənəd təqdim edilmədiyini əsas gətirərək bu barədə
həmin klinikaya rəsmi məktub göndərilib.

Mətləb Niyazi oğlu Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz
əməlləri barədə 21.04.2020-ci il tarixində Daxili İşlər Nazirliyi,
Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz
İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də
ünvanlanıb.

Teqlər: