Ata vəsiyyəti: Qarabağ münaqişəsinin həlli Ümummilli Lider Heydər Əliyev Siyasətinin Prioritet Məsələsi kimi

Politoloq Ceyhun Osmanlının Heydər Əliyevin 99-cu ildönümünə
həsr edilən məqaləsi İspandilli ölkələrin nüfuzlu xəbər
portallarında və televiziya kanallarında yayımlanmışdır.

Məqalənin tərcüməsini Sizə təqdim edirik:

Azərbaycan Ordusunun gücünü təcəssüm etdirən və Azərbaycanın
qəti qələbəsi ilə başa çatmış Azərbaycan və Ermənistan arasındakı
“44 günlük müharibə” və ya “Vətən müharibəsi”, Müzəffər Ali Baş
Komandan-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
komandanlığı altında həyata keçirilən Azərbaycan Ordusunun
əks-hücum əməliyyatı idi. 27 sentyabr 2020-ci il tarixində
Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq başlayan
müharibə 44 gün davam etmişdir. Müharibə nəticəsində 1990-cı
illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin
uzunmüddətli işğalına son qoyulmuşdur. Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad
edilməsi ilə Azərbaycan müharibədə qəti qələbə qazanmışdır və
bundan dərhal sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 10
noyabr 2020-ci il tarixində üçtərəfli bəyanat imzalanmışdır. 1
dekabr 2020-ci il tarixi etibarilə Azərbaycan öz ərazi bütövlüyünü
bərpa etmişdir.

Erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad
edilməsi və ərazi bütövlüyünün bərpası Ümummilli Lider Heydər
Əliyevin ən böyük arzusu və siyasətinin əsas prioritetlərindən biri
idi. Ömrünü Azərbaycanın müstəqilliyinə və dövlət quruculuğuna həsr
edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü
illərdəki uzunmüddətli fəaliyyətinin əsas məqsədini Azərbaycanın
ərazi bütövlüyünün bərpası təşkil edirdi. Ulu Öndər bu xüsusda
həmişə vurğulayırdı ki, “Bizim əsas problemimiz Ermənistanın
Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal altında olan
torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin
etməkdən ibarətdir”. Belə ki, Ümummilli Lider müxtəlif vaxtlarda öz
çıxışlarında “Şuşasız Qarabağ olmaz, Qarabağsız Azərbaycan
ümumiyyətlə yoxdur”- demişdir. Odur ki, Ulu Öndər, bu müqəddəs
vəzifəni “44 günlük müharibə” nəticəsində Azərbaycan torpaqlarını
erməni işğalından azad etməklə ata vəsiyyətini həyata keçirməyə
nail olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə vəsiyyət etmişdir. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri
işğaldan azad edildikdən sonra Şəhidlər Xiyabanında xalqa müraciəti
zamanı bildirmişdir ki, “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər
Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin
ruhu şaddır bu gün!”

Heydər Əliyev, Qarabağ regionunun Ermənistana birləşdirmək cəhdi
ilə bağlı Ermənistan tərəfinin Azərbaycana qarşı məkrli və
ədalətsiz siyasəti ilə hələ 1969-1982-ci illərdə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi işlədiyi
zaman və daha sonra 1982-1987-ci illər ərzində Moskvada SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü
olduğu müddətdə barışmamışdır. 1923-cü ildə Qarabağ muxtar vilayət
statusu aldıqdan sonra, Ermənistan, tarixi Azərbaycan torpağı olan
bu regionu Ermənistana birləşdirmək üçün dəfələrlə cəhd etmişdir.
Stalinin ölümündən sonra Xruşşovun həyata keçirdiyi “ərimə”
siyasətindən sonra yaranan siyasi mühit nəticəsində Qarabağ
məsələsi 1960 və 1970-ci illərdə yeni mərhələyə qədəm qoymuş və
bundan ilhamlanan Ermənistan Qarabağ regionunun Ermənistana
birləşməsi üçün dəfələrlə Mərkəzə müraciət etmişdir. Lakin Heydər
Əliyev Azərbaycanda və daha sonra Moskvada vəzifədə olduğu
müddətdə, Azərbaycan regionu ətrafında gedən siyasi proseslərə
müdaxilə edərək Ermənistanın birləşdirmə cəhdlərinin qarşısını
almağa nail olmuşdur. Bu məsələ ilə bağlı 23 fevral 2001-ci il
tarixində Milli Məclisdə çıxışı zamanı Ümummilli Lider
vurğulamışdır: “…Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün biz
o vaxt, yenə də deyirəm, regiona daha çox diqqət yetirirdik. Mən bu
gün də etiraf edirəm ki, bunu ermənilərə bu məsələni qaldırmağa
imkan verməmək üçün edirdim.”

Lakin, Mixail Qorbaçov 1987-ci ildə Heydər Əliyevin səhhəti ilə
əlaqədar olaraq rəsmi şəkildə Sovet rəhbərliyində tutduğu ən yüksək
vəzifədən azad edir. Heydər Əliyevin tutduğu vəzifədən
uzaqlaşdırılması, ermənilərə Qarabağın Ermənistana birləşdirilməsi
və ya təcavüzkar seperatizm siyasəti nəticəsində Azərbaycanın
tarixi ərazilərində ikinci Ermənistan respublikası yaratmaları üçün
yeni imkan vermişdir. Nəticə etibarilə, ermənilərin məsələ ilə
bağlı iddiaları sistematik xarakter alaraq, 1991-ci ildə Sovet
İttifaqı dağıldıqdan sonra Azərbaycan və Ermənistan arasında
tammiqyaslı müharibəyə çevrilmiş və Azərbaycanın 20% ərazisinin
Ermənistan tərəfindən işğal olunması ilə nəticələnmişdir.

Buna görə də, bu gün Azərbaycan cəmiyyətində belə güclü inanc
var ki, əgər Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqının
dağılmasından öncə tutduğu vəzifəsindən uzaqlaşdırılmasaydı və
Azərbaycan müstəqillik əldə etdiyi zaman ölkə rəhbəri olsaydı
məsələ ilə bağlı vəziyyət tamamilə fərqli olar və Ermənistanın
Azərbaycana qarşı müharibəyə başlamaq və ərazilərimizi zəbt etmək
üçün heç bir şansı və cəsarəti olmazdı. Bu səbəbdən, 1993-cü ilin
yay aylarında Azərbaycanda vəziyyətin qeyri-stabil olduğu zaman
xalq Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsini tələb
edirdi. Nəticədə, həmin dövrdə hakimiyyətdə olan Azərbaycan
rəhbərliyi vəziyyətin sabitləşdirilməsi üçün Heydər Əliyevi Bakıya
dəvət etdi. Bununla da, 15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və
həmin ay Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
icra etməyə başlamışdır. Daha sonra 1993-cü ilin oktyabr ayında
Heydər Əliyev ümumxalq səsverməsi əsasında Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir.

Prezident vəzifəsinə seçildikdən sonra Ümummilli Lider
Azərbaycan və Ermənistan arasında münaqişənin beynəlxalq və
regional təşkilatlar vasitəsilə həlli prosesində mühüm rol
oynamışdır. Ulu Öndərin səyləri nəticəsində mövzu XX əsrin son
onilliyində beynəlxalq təşkilatlar tərəfindən ən çox müzakirə
olunan məsələlərdən birinə çevrilmişdir. Dövlət başçısı olduğu
müddət ərzində, Heydər Əliyev, çoxtərəfli və birtərəfli formatda
olan bütün sülh təşəbbüslərini müsbət qarşılamışdır. Onun
münaqişənin həlli ilə bağlı əsas mövqeyi ərazi bütövlüyünün bərpası
idi. Bu baxımdan, Ümummilli Lider müxtəlif tribunalardan çıxışları
zamanı hər dəfə qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç
bir halda güzəşt mövzusu olmayacaqdır.

Müdrik siyasətçi kimi, Heydər Əliyev münaqişə ilə bağlı faktiki
vəziyyətdən məlumatlı idi. Bütün bunları nəzərə alaraq, Ümummilli
Lider siyasətini bu istiqamətdə formalaşdırmış və Ermənistanı
dəstəkləyən dövlətlərin mövqelərinin neytrallaşdırılması, daha öncə
bitərəf olan dövlətlərdən dəstək alınması, Azərbaycanın tutduğu
mövqeyə yaxın olan dövlətlər və beynəlxalq təşkilatlar ilə
əməkdaşlıqların möhkəmləndirilməsi və çoxvektorlu diplomatiya
vasitəsilə Ermənistana təzyiq göstərilməsinə yönəlmiş çoxşaxəli
strategiyanın icrasına başlamışdır.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrlərdə regional
dövlətlər arasında balanslaşdırılmış xarici siyasət yürütmək və
Birləşmiş Ştatlar və Avropa İttifaqı (Aİ) ölkələri ilə ikitərəfli
əlaqələr qurmağa çalışmışdır. Rusiyanın münaqişə ilə bağlı
mövqeyini neytrallaşdırmaq məqsədi ilə, Heydər Əliyev ilk rəsmi
səfərini Rusiyaya etmiş və Azərbaycan Rusiyanın rəhbərlik etdiyi
MDB regional təşkilatına üzv olaraq qoşulmuşdur. Cənubi Qafqazda
ciddi geopolitik maraqları olan dünyanın ən böyük dövlətlərindən
biri olan Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi
nəticəsində, Heydər Əliyev 1994-cü ildə Bişkek şəhərində Ermənistan
ilə atəşkəsin təmin olunması ilə bağlı müqavilənin imzalanmasına
nail olmuşdur.

Heydər Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin həll
olunmasında Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ikitərəfli
əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu anlayırdı. Qeyd
etmək lazımdır ki, ABŞ 1992-ci ildə Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələr sırasında olmuşdur. Lakin ABŞ-da güclü erməni
diasporasının mövcud olması nəticəsində o vaxtdan Azərbaycan ilə
ABŞ arasında qarşılıqlı maraqlara əsaslanan güclü ikitərəfli
əlaqələr yaratmaq mümkün olmamışdır. Bundan əlavə erməni lobbisinin
birbaşa təsiri nəticəsində 1992-ci ildə ABŞ tərəfindən “Azadlığa
Dəstək” Aktına edilən 907-ci düzəliş Azərbaycan hökumətinə hər
hansı birbaşa yardımı qadağan edirdi. Bu isə öz növbəsində iki ölkə
arasında əlaqələrə öz mənfi təsirini göstərirdi. Bu səbəbdən,
Heydər Əliyev ABŞ-ın ölkəyə marağını cəlb etmək məqsədilə mövcud
yanaşmaları dəyişmək üçün uğurlu enerji siyasətindən istifadə
etmişdir. İki ölkə arasında münasibətlərin müsbət istiqamətdə
inkişaf etməsi nəticəsində, ABŞ şirkətləri 20 sentyabr 1994-cü il
tarixində imzalanan “Əsrin Müqaviləsi”-nə əsasən Azərbaycan
neftinin istehsal payının 40%-nə sahib olmaq hüququ əldə
etmişdir.

Azərbaycan və Ermənistan arasında
münaqişəli vəziyyət regional sülh, sabitlik və Azərbaycanın enerji
resurslarını Qərb bazarlarına çıxartmaq üçün nəzərdə tutulmuş
enerji layihələri üçün təhlükə yaradan amil idi. Buna görə də, ABŞ
Azərbaycan və Ermənistan arasında vasitəçilik prosesinə aktiv cəlb
olunmuş, nəticə etibarilə, 1997-ci ildə ATƏT-in Minsk Qrupunun
həmsədr ölkələrindən birinə çevrilmişdi. Əlavə olaraq, Azərbaycanın
anti-terror koalisiyasına qoşulması sayəsində, ABŞ prezidenti Corc
Buşun qərarı əsasında 907-ci düzəlişin icrası 2002-ci ildə asqıya
alınmışdı. Şübhəsiz, 907-ci düzəlişin ləğvi Ümummilli Lider Heydər
Əliyevin ABŞ ilə bağlı yürütdüyü uğurlu xarici siyasətin zirvəsi
idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Avro-Atlantik
regionda sıx əməkdaşlığa nail olmaq üçün yollar axtarışında idi.
Azərbaycan ATƏT və Avropa Şurasının tam hüquqlu üzvünə çevrilmiş,
eləcə də Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa
İttifaqı (Aİ) ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlığa
başlamışdır.

Beləliklə, Heydər Əliyevin ölkə rəhbəri olduğu dövrdə Azərbaycan
Respublikasının çoxvektorlu xarici siyasətinin bir istiqaməti də
NATO ilə əməkdaşlıq olmuşdur. Azərbaycan və NATO arasında əsaslı
əməkdaşlığın təsis olunmasında əlamətdar sənəd 4 may 1994-cü il
tarixində Prezident Heydər Əliyev tərəfindən imzalanmış Sülh Naminə
Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi olmuşdur. NATO ilə siyasi dialoqa
bir sıra məsələlər, o cümlədən, regional təhlükəsizlik,
Ermənistan-Azərbaycan münaqişəsi, NATO tərəfindən Əfqanıstan və
İraqda aparılan sülhməramlı əməliyyatlar, yaranan təhlükəsizlik
məsələləri, eləcə də, elm, ətraf mühit və dövlət diplomatiyası
daxil idi.

Azərbaycan və Aİ arasında əlaqələr 1996-cı il Aİ-Azərbaycan
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır ki, bu saziş hərbi
sahə istisna olmaqla, bütün sahələrdə rəsmi əməkdaşlıq üçün qanuni
əsas rolunu oynayır və əməkdaşlığın formatını müəyyən edirdi.
Azərbaycan və Aİ arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli
formatı Azərbaycana birgə maraq sahələrində fikir mübadiləsi
aparmaq, regional siyasət məsələlərində milli maraqlarını müdafiə
etmək və müxtəlif təşəbbüslər irəli sürmək imkanı verir. Aİ-nin
keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinə birbaşa cəlb
olunmamasına baxmayaraq, təşkilat hər zaman Azərbaycanın ərazi
bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını dəstəkləmiş
və dövlət müstəqilliyi və suverenliyinə ehtiramını ifadə etmişdir.
Bu gün, Aİ-nin keçmiş münaqişənin normallaşmasında rolunu yüksək
qiymətləndirən, eləcə də, Aİ ilə İkinci Qarabağ müharibəsindən
sonra yeni reallıqları təcəssüm etdirən yeni müqavilə üzrə işləri
tamamlamaq astanasında olan Azərbaycan, Ulu Öndər Heydər Əliyevin
prezidentliyi dövründə təsis olunmuş uğurlu hərtərəfli əməkdaşlığı
mütləq davam etdirəcək.

Heydər Əliyev eyni zamanda ATƏT-in vasitəçilik rolunu tanımış və
təşkilatı münaqişədə Azərbaycanın mövqeyinin müdafiəsi üçün
platforma kimi qəbul etmişdir. Xüsusi olaraq, ATƏT-in 1996-cı il
Lissabon zirvə görüşü Heydər Əliyevin münaqişə ilə əlaqədar
diplomatiyasında həlledici rol oynamışdır. Ermənistan tərəfinin
etirazı nəticəsində Azərbaycanın münaqişənin həlli üçün təklif
etdiyi prinsiplərin yekun sənədə daxil edilməməsinə baxmayaraq,
münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması
bir çox iştirakçı dövlətlər tərəfindən qəbul edilmişdir.

Daha sonra ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən “Paket
həll” variantı, “Mərhələli həll” variantı və “Ümumi dövlət”
variantı kimi sülh layihələrindən ilk ikisi Heydər Əliyev
tərəfindən məqbul hesab edilmiş, Azərbaycanın milli maraqlarına
zidd olan “Ümumi dövlət” variantı təklifi isə rədd edilmişdir. 1999
və 2001-ci illərdə Heydər Əliyev və Robert Koçaryan arasında
ikitərəfli görüşlər Vaşinqton, Paris və Ki-Vestdə təşkil
edilmişdir. Çox təəssüf ki, Ermənistanın məsələ ilə bağlı
destruktiv siyasəti nəticəsində həmin görüşlər münaqişənin həllinə
heç bir töhfə verməmişdir.

Bütövlükdə, Ümummilli Lider Heydər Əliyev prezidentliyi dövründə
beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini anlatmağa nail
olmuş, müharibə ilə bağlı həqiqi arqumentlər irəli sürmüş, ölkələr
arasında qırğınları dayandırmaq üçün atəşkəs razılaşmasına nail
olmuş, beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasındakı
Qarabağ məsələsini öz gündəmlərində aparılan müzakirələrə daxil
etməyə inandırmış, və münaqişənin həlli üçün bir sıra çoxtərəfli və
birtərəfli təşəbbüslərdə iştirak etmişdir ki, bu da Azərbaycanın
mövqeyini gücləndirmiş və sonradan münaqişənin həlli üçün hüquqi
baza yaratmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısıdır. Bu il
anadan olmasının 99-cu ildönümü qeyd edilən Ümummilli Lider Heydər
Əliyevin ən böyük arzusu nəhayət ki, gerçəkləşmiş, Azərbaycan
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin komandanlığı ilə beynəlxalq səviyyədə tanınmış
əraziləri üzərində suverenliyini bərpa etmişdir.

Heydər Əliyevin müdrik siyasi irsi günümüzdəki müasir
Azərbaycanda yaşayır və uğur qazanır.

Dominikan Respublikası:

https://redsocialcodi.com/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

Meksika Birləşmiş Ştatları:

https://www.ecmcnoticias.com/2022/05/la-voluntad-del-padre-la-resolucion-del.html?m=1

https://www.mipuntodevista.com.mx/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/


https://www.clubjuridico.com/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

https://expresionmexico.com/2022/05/09/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

Kolumbiya Respublikası:

https://www.clarindecolombia.info/index.php/noticia/66-destacadas/2627-la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev

Çili Respublikası:

https://nuestropais.cl/2022/05/09/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev%ef%bf%bc/

Honduras Respublikası:

http://www.eldiariodehonduras.hn/index.php/internacionales/3560-la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev

https://ellibertador.hn/2022/05/10/azerbaiyan-celebra-la-reconstruccion-de-su-estado-e-independencia/

Panama Respublikası:

https://www.laverdadpa.com/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

Nikaraqua Respublikası:

TN 8 Dövlət Televiziyası

https://youtu.be/IT3RA2uXgXg

CDNN (KANAL23)

https://youtu.be/lmRuyQdMXc8

Dr. Ceyhun Osmanlı 4-cü çağırış Milli Məclisin
deputatı, politoloq, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM)
direktorudur.

Teqlər: