Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri
Samir Qurbanov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)
İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri
nümayəndə heyətləri Türkiyənin Ankara şəhərində işgüzar səfərdə
olub.

“AzerGold”dan AzerTimes-a verilən
məlumata görə, ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş
Enerji Forumu çərçivəsində iki ölkə arasında mədənçilik sahəsində
əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu
çərçivəsində həyata keçirilən səfərin ilk günündə nümayəndə
heyətləri ümummilli lider Heydər Əliyevin Ankara şəhərində
ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri
qoyublar.

10 may tarixində Türkiyənin Energetika və Təbii Sərvətlər
Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA)
keçirilən görüşlərdə iki qardaş ölkə arasında geologiyanın bütün
sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı,
onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki
xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir
mübadiləsi aparılıb. Görüşlərdə birgə geoloji məlumat bazası
mərkəzinin qurulması, Azərbaycanın işğaldan azad edilmiş əraziləri
də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki
anomaliyaların rəqəmsal xəritəsinin hazırlanması, ehtiyatların
dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, mülti və
hiperspektral platformaların tətbiqi, qeyri-invaziv
texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər
və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.

11 may tarixində nümayəndə heyəti MTA-nın Mineralların Analizi
və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və
tikinti materiallarının tədqiq edildiyi analitik kimya və
metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə
yaxından tanış olub. Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə
zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin
yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları
ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər: