Allahşükür Paşazadə sabah Qazaxıstana gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə mayın 5-də Qazaxıstan Respublikasının Türküstan şəhərinə
səfərə yola düşür.

İdarədən AzerTimes-a verilən
məlumata görə, səfərdə məqsəd 6 may tarixində keçiriləcək «Türk
xalqlarının İslam sivilizasiyasına töhfələri» mövzusunda beynəlxalq
elmi-praktiki konfransda iştirak etməkdir.

Beynəlxalq tədbirdə Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaş
və Mərkəzi Asiya respublikalarının müftiləri iştirak edəcəklər.
Konfrans iştirakçıları türk dünyasının böyük din xadimi, təsəvvüf
fəlsəfəsinin banisi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət
edəcək, Beynəlxalq Türk-Qazax Universitetində görüşlər
keçirəcəklər.

Konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam A.
Paşazadə tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin dini idarə rəhbərləri ilə məşvərət edəcək, TDT müsəlman
dini liderləri Şurasının İstanbulda təsis olunmasından sonra
Azərbaycanda keçiriləcək növbəti toplantısının müzakirəsini
aparacaq.

Teqlər: