Aİİ-də Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May – Müstəqillik
Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Razi Nurullayev,
Qənirə Paşayeva, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru
Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Mehman İsmayılov, dini konfensiya üzvləri və bir sıra ictimaiyyət
nümayəndələri iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək,
Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Rektor bugünün
önəmini vurğulayaraq, uzun illər Çar Rusiyasının əsarətində qalmış,
məhrumiyyətlər içində yaşamış Azərbaycan xalqının, nəhayət, 1918-ci
ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini
vurğulayıb.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra bildirib ki, həmin
dövrdə və çətin şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya
tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları
əllərindən gələni əsirgəməyərək, bu müqəddəs vəzifəni yerinə
yetirməyi bacardılar.

Aqil Şirinov xalqımızın müstəqillik uğrunda mübarizə əzminin heç
zaman tükənmədyini, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan
xalqının nümayiş etdirdiyi şücaətə bütün dünyanın şahid olduğunu
diqqətə çatdırıb. Aİİ rektoru vurğulayıb ki, Vətənimizin azadlığı
və bütövlüyü uğrunda xalqımızın göstərdiyi milli və dini həmrəylik
müharibənin taleyini həll etdi.

A.Şirinov daha sonra hazırda ölkəmizdə dini həmrəyliyin ən
yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanımızın inkişafı üçün
bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli
olduğumuzu vurğulayıb.

Tədbirdə Azərbaycan Televiziyası “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyinin istehsalı olan “Yaradanın adı ilə” sənədli
televiziya filmi nümayiş olunub.

Filmdə Azərbaycan cəmiyyətində tolerantlığa, multikultural
dəyərlərə verilən önəmdən bəhs edilir.

Filmdə İslam dini xadimlərinin nümayəndələri ilə yanaşı, Rus
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Dini Qurumunun
katibi Arximandrit Aleksi,Alban-Udi Xristian Dini İcmasının sədri
Robert Mobili, Katolik Kilsəsinin nümayəndəsi Toral Ağayev, Bakı
Şəhər Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, dinşünas
Nəriman Qasımoğlu və başqaları Azərbaycanda dini konfessiyalar üçün
yaradılmış lazımi şəraitdən söz açıblar.

Millət vəkilləri Ceyhun Məmmədov, Razi Nurullayev və Qənirə
Paşayeva filmin yaradıcı heyətinə və Azərbaycan İlahiyyat
İnstitutuna təşəkkürlərini bildiriblər. Gənc nəsil üçün Azərbaycan
həqiqətlərini dünyaya nümayiş etdirməkdən ötrü bu istiqamətdə
filmlərə ehtiyac olduğunu qeyd ediblər. Millət vəkilləri xalqımızın
milli-mənəvi dəyərlərinə, birgəyaşayış ənənələrinə diqqət çəkərək,
əsrlərboyu bu mühitin qorunub saxlanılaraq dövrümüzə qədər
gəlib-çatdığını, müstəqil Azərbaycan Respublikasının bu ənənələrə
sadiq qalaraq daha da inkişaf etdiyini vurğulayıblar.

Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov
vəMənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman
İsmayılov filmin yaradıcı heyətini təbrik edərək, belə filmlərin
müxtəlif dillərdə çəkilərək dünya ölkələrində nümayişinin
əhəmiyyətinə toxunublar.

Azərbaycan Televiziyası Analitik Qrupunun sədri, əməkdar
jurnalist Faiq Hüsüyev, “Yaradanın adı ilə” sənədli televiziya
filminin rejissoru Elnurə Kazımova, ssenari müəllifi Afaq Vasifqızı
Azərbaycan Televiziyasının çəkiliş qrupunun yalnız Bakıda deyil,
Azərbaycanın bölgələrində də işlədiklərini bildiriblər. Qubada,
Şamaxıda və Qəbələdə çəkiliş aparan yaradıcı heyət kilsələrdə,
sinaqoq və məscidlərdə olub, din xadimləri ilə müsahibələr
aparıb.

Filmdə Azərbaycandakı ən gözəl dini məbədlər nümayiş olunub.

Teqlər: