Aİ və Dünya Bankının Azərbaycan üzrə qrant sazişi bazarda rəqabətin artırılmasına kömək edəcək – Peter Mixalko (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Avropa İttifaqı (Aİ) və Dünya Bankı Azərbaycan hökumətinə dəstək
üçün ilk dəfə öz resurslarını birləşdirib.

Trend-in
məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Peter Mixalko Aİ və Dünya Bankı arasında 5,25 milyon avro
dəyərində qrant sazişinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, bu sənəd strateji prioritetlərə uyğun
olaraq silsilə texniki yardım fəaliyyətlərini əhatə edir.

“Aİ və Dünya Bankının bu aləti Azərbaycan hökumətinin
sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi
təmin edəcək. Bu təşəbbüs Aİ və Azərbaycan arasında tərəfdaşlığın
növbəti nümayişidir”, – deyə o bildirib.

P.Mixalko qeyd edib ki, bu proqram 2024-cü ilədək nəzərdə
tutulub və iqlim dəyişiklikləri, pandemiya ilə mübarizə, ətraf
mühitin mühafizəsi və digər sahələri əhatə edir.

“Proqramın məqsədi Azərbaycan hökumətinə “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq,
məsləhət və analitik dəstəyi ve potensialın gücləndirilməsini təmin
etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi ve bağlantıları
gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət
sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin
səmərəli şəkildə aradan qaldırılmasına, bazarda rəqabətin
artırılmasına kömək edəcək. Sənəd Aİ-nin bu yaxınlarda 2 milyard
avro investisiya potensialının olduğunu açıqladığı və müvafiq
beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq çərçivəsində
icra olunacaq Azərbaycan üçün İqtisadi və İnvestisiya Planı ilə
əlaqələndiriləcək”, – Aİ nümayəndəsi deyib.

(Tərcümə: Orxan Nəbiyev)