AHK Azərbaycan üzvlərinin ümumi yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub (FOTO)

24 may 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət
Palatası (AHK Azərbaycan) 100-ə yaxın biznes nümayəndəsinin
iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün
AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə
keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi
tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab
Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim
edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək
qiymətləndirən sədr Palata üzvlərinin sayının artmasını, yeni AHK
İşçi Qruplarının yaradılmasını və gücləndirilməsini, Almaniyadan
nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və çox sayda
fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin
müavini Heiko Schwarz, AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı
yenilikləri bölüşüb. Cənab Schwarz Almaniya və Azərbaycan arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü
xatırladaraq, iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, və
mədəniyyət sahələrində əməkdaşlığın inkişafının vacibliyini
vurğulayıb. Çıxışını yekunlaşdıraraq, o, davamlı uğurlu əməkdaşlığa
görə Palataya minnətdarlığını bildirib.

Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias
Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o
cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan
layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 15
yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan
iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 163 şirkət
Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə
baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin
müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun
təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim
olunub. Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin
müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)
2012-ci ildən etibarən Almaniya iqtisadiyyatının Azərbaycanda rəsmi
nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə
bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis
olunan Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında
yaradılmışdır. 163 üzv şirkəti ilə AHK Azərbaycan Avropanın
Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər
Azərbaycanın iqtisadi və siyasi qərarverici dairələrinin
fəaliyyətindən geniş şəkildə inkişaf etmiş AHK şəbəkəsi vasitəsilə
faydalana bilər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil
etməklə yanaşı, AHK Azərbaycan şirkətlərə geniş çeşiddə etibarlı
biznes xidmətləri göstərir və hüquqi xidmətlər təklif edir.

Teqlər: