“Ağcabədi taxıl Aqropark”a mediatur təşkil olunub (FOTO)

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Ağcabədi taxıl
Aqropark”a mediatur təşkil olunub.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, media
nümayəndələrinin “Ağcabədi taxıl Aqropark”la tanışlığı zamanı
bildirilib ki, aqroparkın ümumi sahəsi 3 min hektardır. Aqroparkın
faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən, arpa, buğda,
qarğıdalı, pambıq, günəbaxan və s. bitkilər becərilir. Aqroparkda,
həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Suvarma
mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin
sahələrinin suvarılmasında müasir metodlardan istifadə edilir.
Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və
100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26
min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos
anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində
dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb.
Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86
aqreqatdan ibarətdir. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın
yaradılmasına İqtisadiyyat Naziriliyinin Sahibkarlığın İnkişafı
Fondu tərəfindən 9,8 milyon manat güzəştli kredit verilib. Burada
41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Ümumilikdə, ölkədə 32 rayon üzrə 240 min hektar ərazidə 51
aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü
bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq
fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika
sahələri üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb,
digərlərində isə layihələndirmə işləri aparılır.


İndiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı
Fondu tərəfindən 184 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1
mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib.
İnvestisiya təşviqi sənədi almış 26 aqroparka texnika, texnoloji
avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici
sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar
39,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək
aqroparklara 1,3 mlrd. manat özəl investisiya qoyulub.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol
oynayır. Hazırda aqroparklarda ümumilikdə, 4100-dək işçi daimi,
5000-dən çox işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə
5000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Teqlər: