ADY bu əməkdaşları üçün maaşlarının 5 misli miqdarında birdəfəlik müavinət ödəyəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY)
fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşları üçün
vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin
ödənilməsini nəzərdə tutur.

Qurumdan AzerTimes-a verilən
məlumata görə, ölkəmizdə pandemiyanın təsirləri “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə
yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət
istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma
xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmış, eləcə
də ölkədaxili və beynəlxalq sərnişin daşımalarında müəyyən
məhdudiyyətlərin tətbiq olunmasına səbəb olmuşdur.

Həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin
azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli
boşdayanma hallarının baş verməsinə gətirib çıxarmışdır. Buna
baxmayaraq aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə
alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam
əmək haqlarının ödənilməsi təmin edilmişdir. Məlumat üçün bildirək
ki, “Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi heyəti
var. Pandemiya müddətində yalnız 2000-ə (iki minə) yaxın işçi əmək
fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı
tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10.000000
(on milyon) manatdan artıq vəsaiti əhatə edən əmək haqqı
ödənilmişdir. Bundan əlavə yoluxmanın yüksək olduğu müxtəlif
dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların
növbəli şəkildə 30 % və ya 50 % işə cəlb edilməsi zamanı da bütün
əməkdaşların əmək haqlarının tam məbləğdə ödənilməsi həyata
keçirilmişdir.

Hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının
alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin
minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə
resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin
həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib
optimallaşdırılmasını zəruri etmişdir. Bununla bağlı Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq
fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün
müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi
məbləğində ödənişin tətbiqinə başlanılmış və sözügedən bütün
tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət
olunmaqla həyata keçirilməsi təmin edilmişdir.

Qeyd olunanlarla yanaşı, fəaliyyətsiz qalmış və sərbəstləşmə
riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə
lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə
danışıqlar aparılmış və bu əməkdaşların DOST İş Mərkəzi tərəfindən
müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilmişdir.

Məlumat üçün bildirilir ki, fəaliyyətsiz qalmış əməkdaşların
yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əmək haqqıya
(tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya
daha yuxarı əmək haqqının ödənilməsi təmin ediləcəkdir. Eyni
zamanda, sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən
əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif)
maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi
nəzərdə tutulmuşdur.

Teqlər: