“Mənşə qaydaları və Məcburi qərarlar” mövzusunda milli seminar keçirilir (FOTO)

Mayın 16-da Ümumdünya Gömrük Təkilatının (ÜGT) Bakı şəhərindəki
Avropa Regional Ofisində “Mənşə qaydalari və Məcburi qərarlar”
mövzusunda milli seminar öz işinə başlayıb. ÜGT tərəfindən təşkil
olunan seminarda Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının
25 nəfər əməkdaşı iştirak edir.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük
Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi,
gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ÜGT ilə
DGK arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq
münasibətlərindən məmnunluqla bəhs edib. Baş İdarə rəisi DGK-nın
ÜGT-nin Avropa Regionuna rəhbərliyini, Siyasi Komissiyasına
üzvlüyünü, eyni zamanda təşkilatının bir sıra regional qurumlarının
Azərbaycanda yerləşməsini əməkdaşlığın bariz nümunəsi kimi
qiymətləndirib.

Seminarın əhəmiyyətindən bəhs edən Mirqasım Vahabov əldə olunan
biliklərin gömrük ödənişlərinin dəqiq hesablanması, statistikanın
düzgün aparılması, gömrük əməliyyatlarının daha effektiv şəkildə
reallaşdırılması baxımından vacibliyini vurğulayıb.

ÜGT-nin Tarif və Ticarət məsələləri üzrə Direktorluğunun
eksperti Demba Sek seminarda mənşə qaydaları ilə bağlı fundamental
məsələlər barədə məlumat veriləcəyini və qaydaların tətbiqinin
misallarla izah olunacağını bildirib. Demba Sek dünya miqyasında
azad ticarət sazişlərinin əhəmiyyətinin artdığı bir dövrdə ticarət
qaydalarının səmərəli şəkildə tətbiqində mənşə qaydalarının
əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

11 sessiyadan ibarət olan seminar 5 gün davam edəcək. Seminarda
ÜGT-nin Tarif və Ticarət məsələləri üzrə Direktorluğunun
ekspertləri Demba Sek və Çunksao Ksu, eyni zamanda Dövlət Gömrük
Komitəsinin mütəxəssisləri tərəfindən Beynəlxalq ticarətdə mənşə
qaydalarının təqdim edilməsi, Preferensial mənşə qaydaları üzrə
texniki məsələlər, Mənşə sertifikatının verilməsi, Mənşənin təsdiq
edilməsi, Mənşə ilə bağlı məcburi qərarlar, məcburi qərarlar, malın
uyğunluğunun istehsalçının özü tərəfindən təsdiq edilməsi ilə bağlı
milli qabaqcıl təcrübələr mövzularında təqdimatlar nümayiş
etdiriləcək və praktiki məşğələlər keçiriləcək.

Teqlər: