ADPU-da Əhməd Cavadın 130 illiyi qeyd olunacaq

Azərbaycan ədəbiyyatının görkəmli sənətkarı, böyük şair,
tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad keçən əsrin 30-cu
illərində bütün sovetlər ölkəsini bürüyən, lakin ölkəımizdə misli
görünməmiş dərəcəyə çatdırılmış repressiyanın saysız-hesabsız
qurbanlarından biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün
ən məşhur şairi olan Ə.Cavadın şəxsi və sənət taleyi uzun müddət
xalqdan gizlədilmişdir. Lakin zaman keçdikcə mənsub olduğu dövrün
sənətkarları arasında öz həqiqi yerini tutmağa, qiymətini almağa
başlayır, onun əsərləri toplanıb nəşr olunur, haqqında elmi məqalə
və monoqrafiyalar yazılır, orta və ali məktəb dərsliklərində həyat
və yaradıcılığı öyrənilir.

Xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş
vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün
qeyd olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin
imzaladığı Sərəncam böyük sənətkarın idealına, məsləkinə, qiymətli
və zəngin çoxşaxəli yaradıcılığına dərindən bələd olmaq baxımından
olduqca qiymətlidir. 20 aprel 2022-ci il tarixində imzalanan
Sərəncamda deyilir: “Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri
tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən,
müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı
olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq
qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli
məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək
şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi
aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz
poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin
qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında
1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet
totalitarizminin qurbanına çevrilmişdir.”

Əhməd Cavad (Axundzadə) 1922-ci ildə Ali Pedaqoji İnstitutuna
(indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuş,
1926-cı ildə həmin institutu uğurla bitirmişdir. Müxtəlif illərdə
Respublikamızın orta və ali məktəblərində müəllim işləmişdir.

Sərəncama əsasən hazırlanan tədbirlər planına müvafiq olaraq
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə
prorektoru, Filologiya fakültəsində dekan vəzifəsini icra edən
professor Mahirə Hüseynovanın rəhbərliyi ilə filologiya
fakültəsində iclas keçirilmiş, müvafiq kafedraların, mərkəzlərin
təşkilatçılığı ilə görkəmli şairin yubileyi ilə bağlı elmi-praktik
konfransın, elmi seminarların, dəyirmi masaların keçirilməsi,
fakültənin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin
təşkilatçılığı ilə ədəbi-bədii gecənin hazırlanması qərara
alınmışdır.

Teqlər: