Abşeronda 5 evdən 20 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar (FOTO/VİDEO)

Abşeron rayonunda 5 evdən 20 min manatlıq məişət əşyaları
oğurlayan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Xırdalan
şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron
Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə
mənzildən 1800 manat dəyərində televizor, həmçinin kombi apartının
naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni
məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 5
sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da
evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən
zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən
edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində
hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən
Musayev, Vüsal Veysəlov və Zakir Əzizov saxlanılıblar. Onlar
izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar
zamanı dəstə üzvlərinin mənzil sahiblərinə 20 min manata yaxın
maddi ziyan vurduqları müəyyən edilib. Saxlanılan şəxslər evlərdən
oğurladıqları əşyaların bir qismini satıb əldə etdikləri pulu
aralarında bölüblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq
tədbirləri davam etdirilir. Onlar barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Teqlər: