Mərkəzi Bankın sədri kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il
tarixli Sərəncamı ilə Azərbaycan Respubilkasının Mərkəzi Bankının
sədri vəzifəsinə təyin edilmiş Taleh Tahir oğlu Kazımov Mərkəzi
Bankın kollektivinə təqdim olundu.

Bankdan AzerTimes-a verilən məlumata görə, yeni sədri təqdim edən
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin
müdiri Natiq Əmirov Taleh Kazımovun keçdiyi həyat yolu və iş
təcrübəsi barədə məlumat verdi.

N.Əmirov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi
və maliyyə sabitliyini, bütün sahələrdə olduğu kimi maliyyə-bank
sistemində həyata keçirilən mühüm islahatları və əldə olunan
nəticələri diqqətə çatdırdı.

N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli
rol oynadığını qeyd edərək, bu sahənin Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin çağırışlarına
uyğun şəkildə inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri diqqətə
çatdırdı, tövsiyələrini verdi.

T.Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona
göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi.

O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması,
dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata
keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş
eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün
keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya
qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan
islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan
vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal
bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin
layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırdı.

Teqlər: