Azərbaycan qazı şaxələndirmə üzrə Bolqarıstanın məqsədlərinə çatmaqda əsas rol oynayacaq – nazir Aleksandr Nikolov (MÜSAHİBƏ)

Əminəm ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Bolqarıstanın enerji
mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyi və
müstəqilliyi ilə bağlı məqsədlərinə nail olunmasında əsas rol
oynayacaq.

Bunu Trend
özəl müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr
Nikolov deyib.

Onun sözlərinə görə, bu interkonnektor Bolqarıstanın və bütün
Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyi üçün əsas
layihədir.

“İnterkonnektorun tikintisi layihəsinin icrasında ciddi ləngimə
olsa da, hökumət son aylarda qaz kəmərinin istifadəyə verilməsi
istiqamətində fəal addımlar atıb ki, bu da onun vasitəsilə müxtəlif
regionlardan qazın nəqlini mümkün edəcək. Bu gün qaz kəməri
layihəsinin icrası son mərhələdədir. Bütün kəmərin hidrosınağı başa
çatıb, onun Transatlantik Qaz Boru Kəmərinə (TAP) qoşulması həyata
keçirilib, Haskovoda dispetçer mərkəzinin tikintisi başa çatıb,
yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilməli olan
marşrutun işə salınması istiqamətində irəliləyiş var”, – deyə
A.Nikolov bildirib.

Nazir qeyd edib ki, hazırda ölçmə və nəzarət sistemlərinin
quraşdırılması və sınaqları davam etdirilir.

“Layihənin son aylardakı gedişatı bizə nikbin olmağa əsas verir
ki, son yenilənmiş layihə cədvəlində göstərildiyi kimi,
interkonnektorun tikintisi fiziki cəhətdən ilin ortalarına qədər
başa çatdırılacaq. Eyni zamanda, obyektin tez bir zamanda
kommersiya fəaliyyətinə başlamaq üçün müxtəlif lisenziya və
icazələrin alınması üçün zəruri inzibati prosedurların vaxtını
optimallaşdırmağa çalışırıq”, – deyə nazir əlavə edib.

A.Nikolov vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyinin və
müstəqilliyinin təmin edilməsi səylərində Bolqarıstanın strateji
tərəfdaşıdır.

“Ölkələrimiz güclü iqtisadi əməkdaşlıq qurmuşdur ki, bu
əməkdaşlıqda enerji sektoru böyük əhəmiyyət kəsb edir. “Qazprom”dan
qaz təchizatındakı fasilələr alternativ həll yollarının tapılmasını
prioritet məsələyə çevirdi və burada Azərbaycandan tədarük çox
vacibdir”, – deyə A.Nikolov bildirib.

Nazir xatırladıb ki, Bolqarıstan Azərbaycandan ildə bir milyard
kubmetr qaz almağa dair müqavilə imzalayıb, lakin bu həcmlər hələ
də tam tədarük edilməyib.

“Təchizat böhranı şəraitində hökumət azərbaycanlı
tərəfdaşlarımızla əlavə həcmlərin alınması ilə bağlı
sürətləndirilmiş danışıqlar aparıb. Ölkələrimiz arasında səmərəli
dialoq mənə nikbin olmağa əsas verir, çünki, ilk növbədə, iyulun
əvvəlindən Bolqarıstan razılaşdırılmış həcmləri tam şəkildə alacaq,
ikincisi, gələcəkdə bu həcmlər artırıla bilər”, – deyə nazir
bildirib.

A.Nikolov qeyd edib ki, Yunanıstan-Bolqarıstan
İnterkonnektorunun (IGB) tikintisində ciddi gecikmə aradan
qaldırılıb.

“Ukraynada müharibənin başlaması ilə Bolqarıstan hökuməti qaz
tədarükünün mümkün məhdudlaşdırılması və ya dayandırılmasını
proqnozlaşdırıb və enerji təhlükəsizliyini artırmaq üçün fəal
səylər göstərib. Birincisi, Yunanıstan-Bolqarıstan
interkonnektorunun tikintisində ciddi ləngimə aradan qaldırılıb.
İnterkonnektor ilin ortalarına qədər tam başa çatdırılmalı və bir
neçə aya kommersiya istifadəsinə verilməlidir”, – deyə A.Nikolov
bildirib.

Nazir qeyd edib ki, bu kəmər Xəzər regionundan, Şərqi Aralıq
dənizi regionundan və digər mənbələrdən təkcə Bolqarıstanı deyil,
digər ölkələri də alternativ qaz tədarükü ilə təmin edəcək.

“İnterkonnektor istismara verildikdən sonra bu marşrutla həm də
Azərbaycanla razılaşdırılmış ildə bir milyard kubmetr qaz tədarük
ediləcək. Bolqarıstan tərəfinin Aleksandrupolis (Yunanıstan)
yaxınlığında LNG terminalının tikintisində səhmdar kimi iştirak
etmək qərarından yəqin ki, xəbərdarsınız. İki həftə əvvəl
terminalda işlərin başlaması ilə əlaqədar təntənəli mərasim
keçirilib. Bu işlərin gələn ilin sonunadək başa çatdırılması
nəzərdə tutulur. LNG terminalının istismarı yalnız ortamüddətli
perspektivdə regionun enerji təhlükəsizliyi məsələsini həll etsə
də, biz bu həllin faydalı olduğuna əminik və onun həyata
keçirilməsi üzərində fəal işləyirik. Bu səylər sayəsində “Qazprom”
tərəfindən tədarükün dayandırılmasına baxmayaraq, hazırda
Bolqarıstanda təbii qazın istehlakında heç bir məhdudiyyət yoxdur”,
– deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Aİ-də Rusiyanın enerji
resurslarından ən çox asılı olan ölkələrdən biridir. Ukraynada
müharibə başlamazdan əvvəl ölkəyə qaz tədarükünün 90 faizindən çoxu
bir mənbədən – Rusiyadan həyata keçirilirdi.

Nazir qeyd edib ki, baxmayaraq ki, son illərdə bəzi hökumətlər
enerji mənbələrinin şaxələndirilməsi üçün aktiv səylər
göstərdiklərini bildirsələr də, hərbi əməliyyatlar və “Qazprom”
tərəfindən tədarükün dayandırılması real vəziyyəti ortaya
qoydu.

“Məsələ burasındadır ki, Bolqarıstan indiyədək ehtiyaclarını
demək olar ki, yalnız Rusiya təbii qazı hesabına ödəyib. Bir
mənbədən belə ciddi asılılıq şəraitində mövcud müqavilənin
pozulması ilə ölkəmizə qaz tədarükünün dayandırılması bizim üçün
ciddi çağırışdır. Bununla belə, bu, Bolqarıstan üçün bu asılılığı
aradan qaldırmaq və şəffaflıq, şaxələndirmə, rəqabətqabiliyyətli
tədarük və istehlakçılar üçün daha yaxşı şərait əsasında enerji
sistemini inkişaf etdirməyə davam etmək üçün bir şansdır. Hökumətin
son aylardakı səyləri bu vəzifələrin həyata keçirilməsinə yönəlib”,
– deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan yeraltı qaz anbarının tutumunun
artırılması üzərində işləyir.

“Bolqarıstanın bir yeraltı qaz anbarı var – Çirendə. O,
istehlakın mövsümi tərəddüdlərinin ödənilməsinə xidmət edir və qaz
təchizatının təhlükəsizliyinə töhfə verən vasitələrdən biridir.
Yazda qaz anbarı doldurulur, payız-qış dövründə isə qaz boşaldılır.
Bu qaz anbarında təbii qazın saxlanma qabiliyyəti 550 milyon
kubmetrdir, bu isə Bolqarıstanda illik istehlakın təxminən 1/6-sını
təşkil edir. Təbii qaz təchizatının təhlükəsizliyini artırmaq üçün
qaz anbarının operatoru “Bulqartransqaz” anbarın tutumunun
genişləndirilməsi layihəsi üzərində işləyir. Layihə başa çatdıqdan
sonra qaz anbarının tutumunun 1 milyard kubmetrə çatdırılması
planlaşdırılır”, – deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, interkonnektor layihəsi Bolqarıstanda və
regionda təbii qaz bazarında enerji təhlükəsizliyinin, rəqabətin və
likvidliyin artırılması üçün strateji əhəmiyyət kəsb edir.

“İnterkorrektor layihəsi 2013-cü ildən Aİ-nin №347/2013
Reqlamentinə uyğun olaraq “Ümumi maraq kəsb edən layihə” statusuna
malikdir. Bu, həm də Üç Dəniz Təşəbbüsü çərçivəsində prioritet
layihədir”, – deyə nazir əlavə edib.

Twitter: @Lyaman_Zeyn

Teqlər: