ABŞ G20 sammitini boykot etmək niyyətində deyil – Ağ Ev

ABŞ G20 sammitini boykot etmək niyyətində deyil.

AzerTimes-ın məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen
Psaki jurnalistlər üçün mütəmadi brifinq zamanı deyib.

“Yeddi ay qalıb – bir ömür, amma bu, bizim boykot etmək və ya
iştirak etməmək istəyimizin təzahürü deyildi. Söhbət ondan gedirdi
ki, işlər həmişəki kimi görülməli deyil”, – deyə C.Psaki maliyyə
naziri Canet Yellenin İndoneziyada keçiriləcək G20 sammitində
Rusiyanın qatılacağı bir sıra tədbirlərdə ABŞ-ın iştirak etməyəcəyi
barədə açıqlamasını şərh edərkən deyib.

C.Yellen ABŞ-ın Rusiyanı sammitin iştirakçısı kimi görmək
istəmədiyini də vurğulamışdı.

C.Psaki qeyd edib ki, daha sonra “C.Yellen bunun nazirlər
səviyyəsində olduğunu izah edib”.

Xatırladaq ki, martın 24-də ABŞ prezidenti Cozef Bayden
jurnalistlərlə söhbəti zamanı Rusiyanı G20-dən xaric etməyə
çağırıb. Onun sözlərinə görə, Rusiya Federasiyasının xaric edilməsi
məsələsi artıq müzakirə olunub, lakin G20 ölkələrinin hamısı
bununla razılaşmır.