2 milyonluq oğurluqda ittiham olunan alpinistlərin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evlərdən 2 milyon
manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd
Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə
Cavid Süleymanovun vəkili müvəkkilinin psixi problemlərdən əziyyət
çəkdiyini və bu səbəbdən onun barəsində ekspertlər tərəfindən
stasionar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.

O, ekspert rəylərinin iş materiallarına əlavə edilməsini
istəyib.

Vəsatət təmin edilib.

Prosesdə digər zərərçəkənlərin və bəzi şahidlərin ifadəsi elan
edilmiş hesab edilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış etmək üçün vaxt istəyib və proses aprelin 22-nə
təyin edilib.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov
Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb
Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş
Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi
Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş
futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında
rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu
Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub
ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general
oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama
əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon
manata yaxın maddi ziyan vurduqları müəyyən edilib

Teqlər: