Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbir

Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbir

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə akademikin adını daşıyan liseydə təşkil olunmuş və türk ölkələrindən gəlmiş tanınmış aydınların iştirakı ilə keçirilən konfransda çıxış edib.

AzerTimes xəbər verir ki, tədbirdən öncə dövlət himni səsləndirilib, məktəbin şagirdləri yığcam təqdimatla çıxış edib, direktor Fərqanə İsayeva nitqi söyləyib.

Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı iştirakçıları salamlayaraq, görkəmli ictimai və elm xadimi Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil olunan konfransın onun adını daşıyan – ölkənin nümunəvi təhsil ocaqlarından biri olan liseydə və türk dünyasından təşrif buyurmuş tanınmış aydınların iştirakı ilə keçirilməsinin uyğun görüldüyünü bildirib.

Tədbirdə geniş məruzə ilə çıxış edən Qənirə Paşayeva Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyəti haqqında danışıb, Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, görkəmli ictimai və elm xadimi, qayğıkeş ana, mehriban insan kimi xarakterik xüsusiyyətlərini vurğulayaraq, Zərifə Əliyeva ömrünü gənc qızlar üçün örnək ömür adlandırıb. Komitə sədri Zərifə xanım Əliyevanın irsinin bir dəyər olduğunu deib.

“Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gələn görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 62 illik fiziki ömür yolu nəsillərə örnəkdir. Zərifə xanım çağdaş, güclü Azərbaycan dövlətçiliyinin memarı, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu idi. O, hər zaman Ulu öndərimizin yaxın sirdaşı, həyat dostu, ən böyük mənəvi dayağı olub”.

Görkəmli ictimai və elm xadiminin yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə Q.Paşayevanın müəllifi olduğu, müstəqil Azərbaycan Respubikasında dövlət qadın siyasətinin əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin və onun vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibəti ilə gün üzü görmüş “Adını tarixə yazan Azərbaycan qadınları” kitabı da təqdim olunub, kitabın məziyyətlərindən danışılıb.

Tədbir və təqdimatda Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulla, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT-Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murad Toylu, İraq türkmanlarının tanınmış nümayəndəsi, şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim, Kərkük Mədəniyyət Mərkəzinin başqanı Şəmsəddin Kuzəçi, Qazaxıstanın tanınmış şair-tərcüməçisi, ABAY TV-nin əməkdaşı Tanagöz Tolkınqızı, Çuvaşıstanın əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, təşkilatçı qurumlardan “UNİTY-Company”in rəhbəri Fikrət Əliyev, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, RHİMİB sədri Arzu Bağırova və b. çıxış edərək, Zərifə xanımın nəsillərə örnək ömründən danışıblar.

Liseyin şagirdləri türk xalqlarının rəqslərindən ibarət kompoziyası tədbirə xüsusi rəng qatıb.

Sonda Q.Paşayeva yenicə gün üzü görmüş “Adını tarixə yazan Azərbaycan qadınları” kitabını müəllimlər, şagirdlər, türk dünyasından təşrif buyurmuş aydınlar və digər tədbir iştirakçıları, habelə təhsil ocağının kitabxanası üçün imzalayıb.

Teqlər: