Martın 2-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) “Zəngin hövzələr” layihəsi çərçivəsində
Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş qızılbalıq növündən
olan 45 min balıq körpəsinin Xəzər dənizinə buraxılması mərasimi
keçirilib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, ETSN-in Azərbaycan
Təcrübi Dəniz Balıqartırma Zavodu tərəfindən sahilyanı dəniz
akvatoriyasında quraşdırılmış tor qəfəslərdə yetişdirilən
qızılbalıq körpələrinin müntəzəm olaraq suya buraxılması nəsli
kəsilməkdə olan həmin dəyərli növün təbii populyasiyasının
artırılmasını hədəfləyir.
Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir
balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi
təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq
ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla
əlaqədar olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və
bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir. “Zəngin
hövzələr” layihəsi də balıq növlərinin təbii populyasiyasının
artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ
balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su
hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil
qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur.
Xatırladaq ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may
ayında start verilib. Təkcə 2021-ci ildə 6 milyona yaxın müxtəlif
növ balıq körpəsi su hövzələrinə buraxılıb.