Zəngilanda inşa ediləcək İşğal və Zəfər muzeylərinin əhəmiyyəti çox böyükdür – Səttar Möhbalıyev

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı kimi
fəaliyyətinin mühüm tərəflərindən birini bütün ölkə ərazisində
quruculuq işlərinin aparılması təşkil edib. Davamlı olaraq
ölkəmizdə nəhəng infrastruktur layihələri icra olunur, yeni yollar
çəkilir, məktəb binaları, səhiyə ocaqları və s. tikilir. Bu işlərin
davamı bu gün işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda
uğurla həyata keçirilir. Demək olar ki, hər şey yenidən qurulur.
Bilirik ki, 30 il işğalçılar həmin ərazilərdə nə qədər talançılıqla
məşğul olublar. Demək olar ki, hər şey məhv edilib, hətta təbiət,
ekologiya belə onlardan ziyan çəkib. Bütün dünya bu barbarlığa
şahiddir. Məlumdur ki, bu gün həmin ərazilərdə hər şey yenidən
qurulur, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır. Təbii ki, bu da
böyük zəhmət, güc və zaman tələb edir. Buna baxmayaraq, bu işlərin
öhdəsindən Azərbaycan özü, təkbaşına gəlir ki, bu da dövlətimizin
gücünü və qüdrətin göstərir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
deyib.

Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağda bütün işlər
sistemli şəkildə plana uyğun olaraq aparılır və həmin işlərin
keyfiyyətinə söz ola bilməz: ”Ona görə ki, bütün proses
dövlətimizin başçısının şəxsən nəzarəti altındadır, təməlqoyma
mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur,
açılışlar edir və bu, mütəmadi xarakter alıb. Prezidentin hər
səfərində biz bunun şahidi oluruq. Həm də icra olunan işlər
dünyanın tikinti sahəsində tanınmış, təcrübəli şirkətlər tərəfindən
həyata keçirilir. Bu da həmin işlərin keyfiyyətini artıran amillər
sırasındadır. Mayın 26-da Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva növbəti dəfə Füzuli, Cəbrayıl və Zəngilan
rayonlarına səfər etdilər, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun tikintisi ilə tanış oldular, Horadiz-Ağbənd dəmir
yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin
330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində
iştirak etdilər. Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının və
“Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən
inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular,
İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular. Bu, onu
göstərir ki, həmin ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə
davam etdirilir, əsas hədəf sakinlərin ən tez zamanda öz yurdlarına
qayıtmasıdır”.

“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun
ölkəmizdə və dünyada humanitar sahədə gördüyü işlər göz
qabağındadır, Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri
Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində
əvəzolunmaz rola malikdir. Onlarca dini abidə, məscid və ziyarətgah
bərpa edilərək xalqımızın ixtiyarına verilib. Ənənəsinə sadiq
qalaraq Fond işğaldan azad edilmiş ərazilərdə dini abidələrimizin,
məscidlərimizin restavrasiyası işini uğurla davam etdirir.
Bunlardan biri də Zəngilan məscididir ki, orada da fasiləsiz olaraq
iş aparılır”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri İşğal və Zəfər muzeyləri kompleksinin yaradılmasının
əhəmiyyətinə də diqqət çəkib: “İşğal Muzeyi düşmənin vandal
əməllərinin nümayişi olacaq ki, bunu həm indiki, həm də gələcək
nəsillərin bilməsi çox vacibdirdir. Muzeyin gələcək ziyarətçilərinə
hər şey əyani şəkildə məlum olacaq. Həmçinin Zəfər Muzeyi
xalqımızın, yenilməz Ordumuzun şərəflə icra etdiyi tarixi
missiyanın əzəmətini gələcək nəsillərə daşıyacaq, onların daha
vətənpərvər ruhda yetişməsində, dövlətə sədaqətli olmalarında
əhəmiyyətli rol oynayacaq”.

Teqlər: