Zəngilanda Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir (VİDEO)

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq
işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu
ərazisində də “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər
aparılır.

ASC-dən AzerTimes-a bildirilib ki, rayonun Ağalı kəndində həyata
keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik
enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti
çəkilir.
Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam
edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz
edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı
elektrik xətti çəkilir.

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası
(3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər
azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu
halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil
edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik
mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə
azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və
müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı
açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.)
müddəti mövcud xətlərə nisbətən 75% azdır. Yüksək gərginlik
xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və
əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət
təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik
veriliş xətlərinə təsiri aradan qaldırılır.

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi
ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və
səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa
imkan verir.

Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə:
yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad
edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı
şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də
tam təmin edəcəkdir.

Teqlər: