Zəng elədi ki, arvadımı vurmuşam, gəl uşaqları apar – Feministlərə qoşulduğu üçün qətlə yetirilən qadının məhkəməsindən

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə
yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Füzuli
Qarayevin qardaşı Kərəm Qarayev bildirib ki, qardaşı həyat
yoldaşını feministlərə qoşulduğu üçün qətlə yetirib.

“Küçədən uşaqları götürdüm. Dedim niyə öldürdün, qoyaydın çıxıb
gedəydi. Qonşuda da günah var, əri gəlib, ver çıxıb getsin, niyə
odun üstünə benzin tökürsünüz? Birinci evliliyində qayınatasıyla
düz gəlmədilər, atasıyla üz-göz oldular, qızını götürüb getdi.

Yazıq uşaqlar bizdə də qalıb, bacımgildə də qalıb. Sığınacaqda
qaldıqları da olub. Feministlərə qoşulmuşdu. Xalası qızı eləmişdi.
Söz-söhbətləri olurdu, çıxıb gedirdi, gətirirdik. Uşaqlara görə
boşanmadılar. Şəhərdə idim, zəng elədi ki, arvadımı vurmuşam, gəl
uşaqları apar”, – o bildirib.

Proses aprelin 5-də davam etdiriləcək.

Qeyd edək ki, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi
ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri
tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla
müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının
aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal
Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal
Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu
bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya
çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət
yetirmə)maddələri ilə cinayət işi başlanılıb.

Teqlər: