“Zəfər yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” (FOTO)

Mayın 18-də “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Zəfər yolunun
hədəfləri azərbaycançılıq birliyi işığıında” mövzusunda
maarifləndirmə və məlumatlandırma layihəsi çərçivəsində növbəti
seminar-treninqini keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri
Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci
ilin ölkəmizdə «Şuşa İli» elan edilməsini şərtləndirən amillərdən,
tarixi Zəfərimizin Azərbaycanın qarşısında açdığı imkanlardan və
dünyaya ünvanlanan çağırışlardan geniş bəhs edib: “30 illik işğala
44 gündə son qoymaq Azərbaycanın malik olduğu imkanların, ordumuzun
gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, artıq
tarixə qovuşan münaqişənin həlli üçün möhkəm hüquqi bazanın
yaradılmasının təqdimatı oldu. Ölkəmiz istər döyüş meydanında,
istərsə də informasiya cəbhəsində üstünlüyünü bir daha dünyaya
nümayiş etdirdi. Artıq ölkəmizin həyatında yeni mərhələ – işğaldan
azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət
alıb. Azad Qarabağımız, azad Şuşamız sözün əsl mənasında dirçəlir,
əvvəlki həyatına qayıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı Şuşanın
işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürurla
bəyan etdi: “Əziz Şuşa, ən azadsan! Əziz Şuşa, biz səni
dirçəldəcəyik.”

Vüqar Rəhimzadə diqqəti bu günlərdə keçirilmiş V «Xarıbülbül»
Beynəlxalq Folklor Festivalına yönəldərək bildirib ki, bu unikal
musiqi bayramı günlərində ikinci dəfə mədəniyyət paytaxtımız Şuşada
oldum: «Ötən bir ildə qədim şəhərimizdə nə qədər böyük yeniliklər
baş verdiyini öz gözlərimlə görərək bundan sonsuz qürur və iftixar
hissi keçirdim. 28 il əsarətdə olsa da əyilməyən, sınmayan, milli
qürurumuzu qoruyan Şuşa artıq tarixi sahibinə qovuşduğu üçün
xoşbəxtdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu
öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Şuşasız Qarabağ, Qarabağsız
Azərbaycan yoxdur. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə
bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Bu fikirlər
Şuşanın Azərbaycan xalqı üçün nə qədər əziz olduğunu nümayiş
etdirir. Alınmaz qala olan Şuşa 1992-ci ildə antimilli ünsürlərin
xəyanəti nəticəsində işğal edilmişdi. Amma bu, musiqi beşiyimizin
azadlığa qovuşacağına ümidini itirmədi. Bu, xalqımızın
məğrurluğundan, yenilməzliyindən, tarixinə sahib çıxmasından, ən
əsası dövlətimizin dəyişməz mövqeyindən irəli gəlirdi. Ali Baş
Komandan dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, işğal
altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı
dalğalanacaq.»

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, «Şuşa
İli» çərçivəsində silsilə tədbirlər keçirlir: «Bu tədbirlər
Zəfərimizə gedən yolun, Şuşa əməliyyatının təqdimatında öz sözünü
deyir. Dünyaya səs salan, əfsanəvi bir dastana çevrilən Şuşa
əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Şuşanın
işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvərliyinin,
torpaq sevgisinin göstəricisidir. Bu sevgi onların qanları, canları
ilə tarix yazmalarına stimul oldu. Bir daha işğalçıya və ona
havadarlıq edən dövlətlərə xatırladıldı ki, torpaqdan pay olmaz.
Azərbaycan öz torpaqlarının sahibidir və bir qarış torpağının belə
düşmən tapdağında qalmasına imkan verməyəcək. Şuşa nəinki
Azərbaycanın, bütün dünyanın canlı təbiət muzeyidir. Qarabağımız,
Şuşamız tezliklə dünyanın ən böyük turizm məkanına çevriləcək.»

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə
İnstitutunun Siyasət və sosiologiya şöbəsinin müdiri, fəlsəfə üzrə
elmlər doktoru, professor Rəna Mirzəzadə diqqətə çatdırıb ki, bu
tədbir Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə keçirilir.

Professor xatırladıb ki, yanvar ayının 5-də Prezident İlham
Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam
imzaladı: “Məsələn, sual oluna bilər ki, niyə Qarabağ yox, “Şuşa
İli”? Cavab sadədir. Çünki ulu öndər Heydər Əliyevin bir kəlamı
var: Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Bu, böyük
hədəf idi. Cari ilin “Şuşa İli” elan olunmasının əsas məqsədi bu
idi. Şuşa bizim qeyrətimiz, namusumuz, ləyaqətimiz, mənəviyyatımız,
mədəniyyətimizdir.»

Natiq, həmçinin bildirib ki, işğaldan azad olunmuş
torpaqlarımızın yenidən qurulması uzun müddət və böyük maliyyə
vəsaitləri tələb edən prosesdir.

Professor bəzi ekspertlərin bu prosesin 5-10 il çəkə biləcəyini
və 10 milyard dollardan çox vəsait tələb edəcəyini diqqətə
çatdıraraq söyləyib ki, buna baxmayaraq Azərbaycan yaxın keçmişdə
ölkəmizin abad guşələrindən biri olmuş işğaldan azad edilmiş
torpaqlarda həyatı yenidən bərpa etməkdə israrlıdır: “Ali Baş
Komandan İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan bütün
dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü,
qüdrəti ilə azad etməyə qadirdir” və qısa müddətdə irimiqyaslı
quruculuq işləri həyata keçirməklə təkcə ölkənin deyil, həm də
bütövlükdə regionun inkişafına mühüm töhfə verə bilər. Azərbaycan
Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 ay ərzində inşa edərək
istismara verdi. 2021-ci ilin 26 oktyabr tarixində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hava limanının açılışında
iştirak etdilər və Zəngəzur dəhlizinin, yəni,
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini
qoydular. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hazırda
“ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi
bölgə üçün analoqu olmayan yeni imkanlar və perspektivlər vəd edir.
Bütün bunlar həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün
yeni inkişaf trendi deməkdir”.

Professor R.Mirzəzadə, həmçinin erməni vandalları tərəfindən
dağıdılmış, təhqir edilmiş mədəni, tarixi abidələrimizdən də söz
açıb: «Azərbaycan çoxkonfessiyalı ölkə olaraq işğaldan azad edilmiş
ərazilərdə təkcə müsəlman abidələrini deyil, xristianlıq və digər
dinlərə aid abidələri də bərpa etməyi planlaşdırır. Ölkəmiz UNESCO
və digər beynəlxalq təşkilatları Ermənistanın işğalından azad
edilmiş ərazilərimizə vurduğu maddi ziyanı qiymətləndirməyə və
mədəni irsin bərpasında iştirak etməyə dəvət edir.»

Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov «Azərbaycançılıq
birliyi və 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət
təsiri» mövzusunda məruzəsində bildirib ki, ölkəmizdə milli
ideologiyanın – azərbaycançılığın, onun ayrılmaz tərkib hissəsi
olan milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında,
mənimsənilməsində və inkişaf etdirilməsində ulu öndər Heydər
Əliyevin xidmətləri əvəzsizdir. O, bütün dünya azərbaycanlılarını
birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan
milli-mənəvi dəyərlər olduğunu dönə-dönə qeyd etmişdir: «Bizim
hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir,
tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli
mədəniyyətimizdir, xalqımıza mənsub olan adət-ənənələrdir. Bizim
hamımızı birləşdirən həmrəy edən azərbaycançılıq ideyasıdır,
azərbaycançılıqdır.»

Hüseyn İbrahimov qeyd edib ki, azərbaycançılıq dövlətimizin
vahid ideologiyasıdır. Bu ideologiya yalnız Azərbaycan
vətəndaşlarını deyil, dünyada yaşayan bütün azərbaycanlıları bir
bayraq altında birləşdirir: «Əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan azərbaycançılıq ideologiyası xalqımızı bir araya
gətirən, onu xarici təhdidlərdən qoruyan, daxili sabitliyini,
dövlətçiliyini təmin edən ideologiya oldu. Bu ideologiyanın təməl
prinsiplərini Azərbaycanın adət-ənənələrinin zənginliyində,
ölkəmizin multikultural keçmişində axtarmaqla yanaşı, dövlətimizin
bu gün həyata keçirdiyi siyasi xəttdə, dövlətçilik ənənələrinin
möhkəmlənməsində axtardıq. Nəticədə elmi şəkildə bu gün
azərbaycançılıq ideyası, eyni zamanda, bizim Qələbəmizi,
birliyimizi təmin edən əsas ideoloji konsepsiyalardan biri oldu.
Multikulturalizm bizim həyat tərzimizdir. Azərbaycançılığın əsas
tərkib hissəsi olan multikulturalizmin özəlliyi ondan ibarətdir ki,
burada multikulturalizm yalnız miqrant məsələsi kimi şərh olunmur,
o xalqın tarixi keçmişi, adət-ənənəsindən irəli gələn məsələ kimi
təhlil edilir. Azərbaycanın silsilə olaraq ev sahibliyi etdiyi 6
beynəlxalq forumda dövlətimiz öz konsepsiyasını təqdim etdi. Sübut
etdi ki, Azərbaycan multikulturalizmi haqlıdır və bu ideologiyanın
dünyada reallaşması qaçılmazdır. Bunun əleyhinə olan fikirlər isə
ksenofobiyadır, irqçilikdir, faşizmdir. Bütün bu təfərrüatların
hamısı o nəticəyə gətirib çıxardı ki, artıq Vətən müharibəsinin
gedişində dövlət başçısı İlham Əliyevin xarici mediaya
müsahibələrində də Azərbaycanın informasiya müharibəsində
üstünlüyünü əsaslandıran xətt təqdim olundu. Biz öz torpaqlarımızı
azad edirik, multikulturallıq bizim ideologiyamızdır və xalqların
dinc yanaşı yaşamasını qəbul edərək onların bir arada mövcudluğunun
təminatçısıyıq. Buna bizim ideologiyamız əsas verir.»

Məruzəçi qeyd edib ki, bütün vətəndaşlarımızın, eləcə də
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və
həmrəylik örnəyini çox güclü şəkildə 44 günlük Vətən müharibəsində
daha qabarıq şəkildə təqdim etdik.

Seminar-treninqdə fəal gənclər adından çıxış edən Ruslan Qasımov
və Yetər Babaşova tarixi Zəfərimizin hər bir azərbaycanlıda
doğurduğu qürurdan bəhs ediblər. Bildiriblər ki, Azərbaycan
gəncliyi hər zaman dövlətimizin müstəqilliyinin, suverenliyinin,
ərazi bütövlüyümüzün keşiyindədir. Milli ruhda, vətənpərvərlik
ruhunda tərbiyəyə çağırışlar dövlətimizin siyasətində əsas yer
tutur. Dəmir yumruq kimi birliyimizin nəticəsi dünyaya səs salan,
Azərbaycanı qalib ölkəyə çevirən tarixi Zəfərimizdir. Qalib
Azərbaycanın vətəndaşı olmaqdan xoşbəxt nə ola bilər?

Seminar-treninq məruzələr ətrafında müzakirələrlə davam
etdirilib.

Teqlər: