Zaqatalada Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Zaqatala
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək
intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə
maarifləndirmə tədbiri keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Zaqatala Rayon
İcra Hakimiyyətinin nümayəndəsi Ramin Həsənov giriş nitqi ilə çıxış
edərək, müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər
Əliyevin elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını,
Ulu Öndərin bu siyasətini hazırda Prezident cənab İlham Əliyevin
uğurla davam etdirdiyini vurğulayıb. Bildirib ki, cənab Prezidentin
rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı
aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin
başlıca istiqamətlərindən birini təşkil edir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Lalə
Laçınova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK)
Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev

çıxışlarında ölkəmizdə gənclərin zəngin dünyagörüşlü,
milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil
almaları üçün İlahiyyat İnstitutunda lazımi şəraitin yaradıldığını
bildiriblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə
din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm
verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat
İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral
tarixli Sərəncamına əsasən yaradılıb. Rektor İnstitutun istifadəyə
verilmiş yeni inzibati binasının açılış mərasimində cənab İlham
Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din
münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi
vurğulayıb.

Aİİ rəhbəri daha sonra ali təhsil müəssisəsinin məqsəd və
hədəfləri haqqında ətraflı məlumat verib.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxışında
abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib.
Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə
də qəbul aparılır. O, İnstituta qəbul olunacaq hər abituriyentin
dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən,
ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını
vurğulayıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd
proqramları; xaricdə təhsil imkanları; tələbələrin sosial həyatı;
yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Daha sonra Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş
etdirilib.

Aİİ-nin nümayəndə heyəti səfər çərçivəsində Zaqatala İslam
Kolleci və Əliabad İslam Kollecində görüşlər keçirib.

Teqlər: