Zakir Həsənov Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb (FOTO)

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə
Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi cənab
Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri dövlət
başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə
arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov ölkələrimiz arasında digər
istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil
sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu
bildirib. Müdafiə naziri bu münasibətlərin regionda sülhün,
təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini
deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən cənab S.Hacımüftüoğlu
qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin
vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf
perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə
fikir mübadiləsi aparılıb.

Teqlər: