Zakir Həsənov Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi ilə görüşüb (FOTO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə
olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat
Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri
dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban
qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən
sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə
heyətinə ətraflı məlumat verib.

Müdafiə naziri, həmçinin Vətən müharibəsində əldə edilən döyüş
təcrübəsi və Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla
Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

Qazaxıstan Respublikasının müdafiə nazirinin salamlarını
çatdıran general-leytenant S.İztleuov hərbi əməkdaşlığın
genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd
edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq
səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin
vacibliyi xüsusi vurğulanıb.

Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahəsində
əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı
maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Teqlər: