Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun
şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, təbrikdə
deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,
çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər
birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və
müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində
dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı
sayılan Novruz təbiətin oyanışından xəbər verir. Qədim zamanlardan
müasir günümüzədək milli-mənəvi dəyərlərin qorunduğu Azərbaycanda
Novruzun gəlişi tarixin ən sərt dönəmlərində belə özünəməxsus
coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin apardığı uğurlu siyasət və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində
müstəqil Azərbaycan Respublikasında həmrəylik, xalq-dövlət-ordu
birliyi ən yüksək səviyyəyə çatmışdır.

Bu gün iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub,
dövlətçilik ənənələri daha da möhkəmlənib. Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu
istiqamətində görülən mühüm işlər sayəsində nüfuzu daha da artan
Azərbaycan dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini
tutub.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun
əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi
qəhrəmanlıq və fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın
müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edilərək
ərazi bütövlüyümüz təmin olundu. Bu gün rəşadətli Azərbaycan Ordusu
azad edilən ərazilərdə öz mövqelərini daha da möhkəmləndirərək
həyata keçirilən bərpa-quruculuq işlərinə də layiqli töhfələrini
verməkdədir. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə
fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi
bötövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin
xatirəsini hər zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin
hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların
valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən
silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir,
onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik
edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli
xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!”.

Teqlər: