Yunis Səfərovun apellyasiya şikayəti rədd edilib

Xəbər - Samir Əli – Trend:

Bakı Apelyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin
sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən
planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis
Səfərov və dəstə üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə
keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə Yunis Səfərov və digərlərinin apellyasiya
şikayəti rədd edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis
Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il
müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici
dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən
mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin
başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror
aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun
zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun
təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan
sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda
silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş
sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz
yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının
ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi,
ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti
fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq
məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq
çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət
əməllərinə görə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və
daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb

Teqlər: