Yük avtomobilindən 18 kiloqrama yaxın heroin çıxdı (FOTO)

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan
ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə
aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Masallı
RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakinləri
Elnur Məmmədov və Elçin Məmmədov, Sumqayıt şəhər sakini Pərviz
Məhərrəmov sonuncunun idarə etdiyi “Ford” markalı yük avtomobili
ilə birlikdə Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə
gətiriliblər. Həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı
oradan ümumi təmiz çəkisi 17 kiloqram 650 qram heroin, 10 kiloqram
750 qram marixuana, 600 ədəd metadon həbi və 6 kiloqram 315 qram
psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, E.Məmmədov, P.Məhərrəmov və
E.Məmmədov həmin narkotik vasitələri və psixotrop maddəni xarici
ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə
ərazisində satışını təşkil etməli imişlər.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma
aparılır

Teqlər: