Yevlax rayonunda Tanrıqulular kənd yolu yenidən qurulub (FOTO/VİDEO)

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət
Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin
olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun yenidən
qurulması işlərinin icrası yekunlaşdırılıb.

Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.

Başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə
avtomobil yolunun 6-cı km-dən götürən Tanrıqulular avtomobil
yolunun uzunluğu 5.5 km-dir. Kənd yolu IV texniki dərəcəyə uyğun
yenidən qurulub.

2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər
bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Uzun illər təmir olunmadan istismar olunan olan yolda xüsusən
payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də
vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
Yenidənqurma işləri ilə sadalanan problemlər artıq geridə
qalıb.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10
metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və
kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə
224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların
tikintisi, həmçinin mövcud boruların bərpası işləri aparılıb.

Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının
tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra
olunub. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü
döşənib.

Layihəyə uyğun zəruri olan yerlərdə yol nişanı və məlumatverici
lövhə, avtobus dayanacaqları quraşdırılıb, yolcizgi və yolgöstərici
xətlərinin çəkilişi işləri aparılaraq yeni və müasir yol
infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi
mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən
küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi
üçün aparılmış yenidənqurma işləri 2800 nəfər əhalinin yaşadığı
yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd
təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Teqlər: