İsrailin Yerusəlim şəhərinin iri mədəniyyət mərkəzlərinin
birində 20-ci əsrin sonunun ən dəhşətli humanitar faciəsi olan,
erməni quldur dəstələri tərəfindən Xocalı şəhərində dinc əhalinin
kütləvi qırğınının qurbanlarının anım mərasimi keçirilib.
AzerTimes-ın məlumatına görə, tədbirdə çıxış edən “Azİz” Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman deyib ki,
Azərbaycandan İsrailə köçmüş sakinlər Azərbaycan xalqı və
Azərbaycan diasporu ilə birgə bu il azərbaycanlıların yaddaşında
sağalmaz yara kimi qalan Xocalı faciəsinin 30-cu ildönümünü qeyd
edir.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı
şəhərində erməni millətçiləri tərəfindən 613 dinc sakin qətlə
yetirilib, onların arasında qocalar, qadın və uşaqlar da olub.
Quldurların əlindən xilas ola bilən insanlar soyuq fevral
günlərində dağlıq yolları qət etməli olub. Yüzlərlə şəxs yolda
həlak olub və ya itkin düşüb.
Xocalı faciəsi Ermənistanın Azərbaycan torpaqlarının işğalı
məqsədilə yürütdüyü təcavüzkar siyasətin daha bir səhifəsi olub. Bu
siyasət yekunda əzəli Azərbaycan torpaqlarının 20 faizinin erməni
işğalçılar tərəfindən ələ keçirilməsi ilə müşayiət olunub.
“Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyası tərəfindən
təşkil edilən tədbirdə Knessetin deputatı, ”İsrail-Azərbaycan
parlamentlərarası qrupunun sədri Elina Bardaç-Yalova çıxış edib. O
bildirib ki, yəhudilər milli mənsubiyyətinə görə vəhşicəsinə
qətllərlə üzləşmiş Azərbaycan xalqını çox yaxşı anlayır və kədərini
bölüşür.
Tədbirdə, həmçinin Milli Məclisin deputatı Sevil Mikayılova da
çıxış edib. “Pisqat Zeev” Mədəniyyət Mərkəzinin direktoru Yael Koen
qonaqları salamlayaraq “Azİz” assosiasiyasına Yerusəlim sakinləri
üçün bu cür vacib tədbirin təşkilinə görə təşəkkür edib.
Tədbirdə, eyni zamanda Azərbaycanın İsraildəki Turizm
Nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, “Passage” jurnalının baş
redaktoru, sənətşünaslıq doktoru Nərminə Ağası və digər rəsmi
şəxslər iştirak ediblər.
Tədbir bədii proqramla davam edib. Bədii hissədə Bakıdan gəlmiş
məşhur pianoçu, Fəqan Həsənli və israilli opera müğənnisi Kameliya
Yoffe çıxış edərək tamaşaçılara Azərbaycan və dünya musiqi
klassiklərinin əsərlərini təqdim ediblər.