Meliorasiya və Su Təsərrüfatının mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub

Xəbər - Fərid Zöhrabov -Trend:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mərkəzi
idarəetmə aparatında struktur dəyişikliyi olub. Yeni struktura
əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb.

Bu barədə Qurumun Mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov
Trend-ə bildirib.

Dilqəm Şərifovun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə,
3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar
kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə
təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın
artırılması məqsədi daşıyır. Bununla da Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu
dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin
peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada
görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb.

“Cəmiyyət tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb
olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə
cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə
qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici
dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc
kadrlar cəlb edilib. Bu ildə eyni zamanda müxtəlif ixtisaslı
peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb
edilməsi nəzərdə tutulur”, – ASC-nin rəsmisi bildirib.

Dilqəm Şərifov bildirib ki, ölkə Başçısı tərəfindən Səhmdar
Cəmiyyəti qarşısında qoyulan vəzifələrin icrası da sürətlə davam
edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan
tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə
edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının
ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə
səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri
həyata keçirilib. İslahat tədbirləri çərçivəsində büdcə
vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar
tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan
qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və
şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda
struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini
təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət
göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu
sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin
davam etdirilməsi nəzərdə tutulur.

Teqlər: