Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Boris Consona məktub göndərib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın
Baş naziri Boris Consona məktub göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Azərbaycan
Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı arasında əlamətdar tarix – diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir,
dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq
duyuram.

Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi
əhəmiyyət verir. Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz
arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi,
humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf
etmişdir.

Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər
məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan
iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır. Azərbaycanın
ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən
600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb
olunub və uğurla fəaliyyət göstərirlər.

Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq
münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə “Əsrin
müqaviləsi” ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın
bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar
əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz
hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji
əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş
Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin
inşasının uğurla başa çatması münasibətilə təbriklərimi
yetirirəm.

Əlamətdar haldır ki, bu gün enerji sahəsində əməkdaşlığımız
inkişaf edərək yeni müstəviyə çıxmışdır. Azərbaycanın “yaşıl
enerji”yə keçid istiqamətində ölkəniz ilə birgə fəaliyyəti
qeyri-neft sektorunda əlaqələrimizin şaxələndirilməsi baxımından
olduqca əhəmiyyətlidir. Eyni zamanda biz Birləşmiş Krallığın
şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin
minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin
yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir
edirik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı
əməkdaşlıq bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və
genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq
arzulayıram”.

Teqlər: