Yeni illə bağlı tədbirlər – Meriya açıqladı

Yeni illə bağlı tədbirlər – Meriya açıqladı

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, Yeni il atributlarının, çilçıraqların və digər bəzəklərin qurulması başa çatıb, bayram yarmarkaları yaradılıb:

“Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçəsindən əlavə bu il İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti də bayramla bağlı bəzədilib. Azneft dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə əsas Yeni il şam ağacı kompleksi yaradılmışdır. Həmçinin bu işlər ictimai iaşə obyektlərini də əhatə edir.

Bundan başqa, paytaxtımızda insanların daha çox bayramı qeyd etdiyi məkanlarda – Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda, İçərişəhərdə bu il əvvəlki illərdən fərqli və geniş formada olaraq xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

Ümumilikdə demək olar ki, şəhərin əksər meydan və parklarında Yeni il şam ağacları quraşdırılıb və hazırlıq işləri görülür”.

Məlumatda qeyd olunub ki, bu il həmçinin rayon icra hakimiyyətlərinə bayramla bağlı ərazilərində nümunəvi küçə hazırlanması da tövsiyə olunub:

“Eyni zamanda təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının yaxınlığındakı yerlərdə çadırlar qurulub ki, burada da şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub”.

Qeyd edək ki, hazırlıq işləri çərçivəsində dekabrın 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməcliyi də baş tutub.

Teqlər: