Yeni asfaltlanan yolda kommunikasiya xətlərinin baxış qapaqları niyə yuxarıda saxlanılır? (VİDEO)

Küçə və prospektlərdə təmir və yenidənqurma işləri həyata
keçirilərkən yolun hərəkət hissəsində yerləşən kommunikasiya
xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması
prosesi bəzən birmənalı qarşılanmır. Bəzi şəxslər məlumatsızlıqdan
yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənəndən sonra
icra olunan bu iş prosesinin “yaddan çıxmış və sonradan
xatırlanaraq edilən iş” olduğunu düşünürlər.

Bu barədə AzerTimes-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat
verilib.

Əslində isə bu proses texnoloji ardıcıllığa riayət olunmaqla
icra edilir və hər-hansı bir səhvdən söhbət getmir.

Belə ki, təmir və yenidənqurma işləri zamanı öncə yolun hərəkət
hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı (aşınma qatı)
frezlənərək kənara daşınır, kommunikasiya xətlərinin baxış
qapaqlarının ətrafı köhnə asfalt-betondan təmizlənir. Daha sonra
yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılır. Bu zaman
köhnə baxış qapaqlarının üzəri də asfaltlanır və sonradan yerini
müəyyənləşdirmək üçün asfalt-beton örtük boya ilə nişanlanır.

Yeni döşənmiş asfalt-beton örtük möhkəmləndikdən sonra baxış
qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesinə başlanılır.
Ərazidə hərəkət intensivliyi, həmçinin işi icra edən təmir
briqadasının iş qrafiki nəzərə alınmaqla işin icrasına yeni
asfalt-beton örtük döşənəndən bir-neçə saat və ya bir-neçə gündən
sonra başlanıla bilər.

Bu zaman öncədən yeri nişanlanan baxış qapaqlarının ətrafı
kvadrat şəklində xüsusi alətlə səliqə ilə kəsilir və asfalt örtük
çıxarılır. Daha sonra kommunikasiya xətlərinin dəmir-beton
plitələri layihə hündürlüyünə qaldırılır, baxış qapaqları yerinə
qoyulur və kənarları betonlanır.

Beton tam quruduqdan sonra isə qazılan ərazi yenidən baxış
qapağı ilə eyni səviyyədə olmaq şərti ilə asfaltlanır.

Bununla da kommunikasiya xətlərinin baxış qapaqlarının layihə
hündürlüyünə qaldırılması prosesi bitir.

Teqlər: