Yeni 10 manatlıqlar tədavülə buraxılır (FOTO)

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı
mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların
tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə
mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında
və mühafizə sistemlərində yenilənmələr aparılır.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər
verir.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq,
pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro
texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud
konsepsiya çərçivəsində yenilənməsi proseslərini həyata keçirir. Bu
çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq
pul nişanları, cari ilin fevral ayından isə yenilənmiş 20 manatlıq
pul nişanı tədavülə buraxılmışdır.

Proseslərin davamı olaraq, hazırda “Tarix” mövzusuna həsr olunan
10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud
kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq
edilməklə yenilənmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş dizayna və
mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının 22
iyun 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edir.

Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri
olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live”
elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su
nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının
Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru
olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və
sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə
toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək
mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən
müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli
olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər
və s. tətbiq olunmuşdur.

Bildiririk ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul
nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının
üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunmuşdur.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və
avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına
uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılmışdır.

Bildiririk ki, yenilənmiş 10 manatlıq kağız pul nişanı hazırda
tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq
dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə
ediləcəkdir.

Teqlər: