Yaşıl texnologiyalar davamlı ərzaq təhlükəsizliyi üçün əsas prinsiplərdəndir – Nazir

Yaşıl texnologiya, rəqəmsallaşma və ədalətli bazar münasibətləri
davamlı ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı qurmaq
üçün gündəliyimizdəki əsas prinsiplərdir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı
naziri İnam Kərimov FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması
üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 2015-2020-ci illərdə kənd təsərrüfatı
məhsulları istehsalında 22,3 faiz artım əldə olunub.

“Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil
edir”, – deyə nazir bildirib.

O qeyd edib ki, investisiyaların əsas hissəsi rəqəmsal və ağıllı
kənd təsərrüfatının transformasiyasına gedir.

“Hökumət, həmçinin, öz siyasətini rəqəmsal kənd təsərrüfatı
transformasiyasının əsas və təminedici şərtlərinə cavab vermək üçün
uyğunlaşdırır. Fermerlərin rəqəmsal bacarıqları və savadlılığının
inkişafı bizim üçün prioritet olaraq qalır və gündəlik işimizin
ayrılmaz hissəsidir. Əsas dövlət dəstəyi mexanizmlərimiz müasir
əkinçilik və bağçılıq texnologiyalarının tətbiqi üçün innovasiya
tərəfdaşlarının stimullaşdırılmasına da yönəlmişdir. Rəqəmsal
texnologiyalar investisiya və bacarıqların mövcudluğuna ehtiyac
duyur. Fermerləri rəqəmsal texnologiyalardan istifadə etməyə təşviq
etməklə yanaşı, biz onların maliyyə resurslarına və təlim
xidmətlərinə çıxışını təmin edirik”, – İ.Kərimov deyib.

Nazir əlavə edib ki, Azərbaycanda elektron kənd təsərrüfatı
sistemi mütərəqqi şəkildə tətbiq edilir.

“Sistem tədricən elektron hökumət şəbəkəsinə inteqrasiya
olunmuşdur. Beş yüz mindən çox fermer bu platforma vasitəsilə bütün
kənd təsərrüfatı xidmətlərinə rəqəmsal çıxışın olması və dövlət
güzəştlərindən faydalanır. Bundan əlavə, istifadəyə verilmiş
Rəqəmsal Xidmət Sistemi şəbəkəsi məlumatlara əsaslanan qərar qəbul
etmə və proqnozlaşdırma siyasətini asanlaşdırır. Bizim inkişaf
siyasətimiz həm də şəhər və kənd yerlərində rəqəmsal fərqi
azaltmağa yönəlib”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: