Şuşada birinci Beynəlxalq Kulinariya Festivalından ən yaxşı anlar (FOTO)

Şuşa. Trend:

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Heydər Əliyev Fondu və
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq
Kulinariya Festivalı keçirilir.

Trend-in
məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru,
Prezidentin köməkçisi Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı
səfiri, xalq artisti Polad Bülbüloğlu, Dövlət Turizm Agentliyinin
sədri Fuad Nağıyev, görkəmli ictimai xadimlər, mədəniyyət və elm
nümayəndələri, xarici qonaqlar iştirak edirlər.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda, həmçinin, Türkiyə,
Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail,
İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi
Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar,
beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər
iştirak edir.

Festivalın çoxsaylı qonaqları müxtəlif ölkələrin milli
mətbəxləri ilə tanış ola, peşəkar aşpazların ustad dərslərində
iştirak edə, şərab, pendir və digər məhsulların dequstasiyası
zonasına baş çəkə, tamaşa, konsert və digər tədbirləri izləyə
bilərlər. Bədii proqramda 100-dən çox sənətkarın iştirakı nəzərdə
tutulur.

Azərbaycanın müxtəlif iqtisadi rayonları, Abşeron-Xızı, Bakı,
Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran,
Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala rayonlarının təqdim
olunduğu pavilyonlar xüsusi maraq oyadır.

Festival zamanı həm dünya xalqlarının yeməkləri, həm də müxtəlif
ölkələrin maddi və mənəvi dəyərləri təqdim olunur. Bu konsepsiyaya
uyğun olaraq festivalda quraşdırılan pavilyonlar ölkələrə xas olan
memarlıq xüsusiyyətləri nəzərə alınmaqla inşa edilib. Hər bir
pavilyon qonaqları milli musiqi ilə qarşılayır, məşhur əsərlərdən
parçalar nümayiş etdirilir.

Tədbir günlərində “Azərxalça” MMC-nin yaradıcı kollektivi
xalçaçılıq ənənələri barədə interaktiv təqdimatlar keçirir.

Festivalda, həmçinin, Heydər Əliyev Fondunun kulinariya nəşrləri
təqdim olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: