Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin internet səhifəsi istifadəyə verilib (FOTO)

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi
üzrə güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim
olunduğu yasamal2.mida.gov.az internet səhifəsi və onun mobil
versiyası istifadəyə verilmişdir.

“Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq
hazırlanmış internet səhifə istifadədə rahatlığı və funksionallığı,
o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana
biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet
səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın
imkanlarından daha çevik yararlanmasına şərait yaradır.

İstifadəyə verilmiş internet səhifə hər kəs üçün Yasamal Yaşayış
Kompleksinin ikinci mərhələsi barədə ətraflı məlumat əldə etmək
imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən
ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin ikinci
mərhələsində yerləşən güzəştli mənzillərin daxili və xarici
perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş
planı ilə tanış ola bilərlər.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində
mənzillərin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən
amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin
təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı
məlumat əldə etmək mümkündür.


İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək
hüququna malik olan şəxslər, müraciət qaydası, mümkün ödəniş
üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar haqqında
məlumatları əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim
olunur.

Səhifənin “Mənzillər” bölməsi isə Yasamal Yaşayış Kompleksinin
ikinci mərhələsində mənzillərin satışı ilə bağlı elan verildikdən
sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin
planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat
əldə edə biləcəklər.

Teqlər: