YARAT belçikalı rəssamı Mişel Fransuanın “Panoptikum” və CHINGIZ-in “İNSƏN” fərdi sərgilərini təqdim edir (FOTO)

YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssamı Mişel Fransuanın “Panoptikum” və CHINGIZ-in “İNSƏN” adlı fərdi
sərgiləri təqdim edir.

AzerTimes-ın məlumatına görə,
Mişel Fransuanın “Panoptikum” sərgi restriktiv,
süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq
kimi nəzərdə tutulub, azadlıq ehtirasımızı simvolizə edir.

İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat
rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik
(təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən
ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim
varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir.
M.Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi
Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət
sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının
pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji
məqsədini tərsinə çevirir. Beləliklə, M. Fransuanın əsəri şəxsi
həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət
cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik
tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı
boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq
müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları
təqdim edirlər.

Bir çox digər öz sərgilərində olduğu kimi rəssam daima “qaçış
planı”nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin
ram olunmayan gözəlliyində, məsələn: ətrafa alüminium fıstıqlar
səpən xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi
səmada süzülən gümüş səddin eleqantlığında tapır.

Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən
çəkildiyi filmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi
fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə
edərkən hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən
qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir
zamanlar sürrealistlərin “partlayış təhlükəli” adlandırmaq
istədikləri sirli “məhvedici” gözəlliyə malikdir. Təqdim edilmiş
digər heykəltəraşlıq kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi
gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən,
diqqətlə seçilmiş zəif, demək olar ki, bayağı materiallardan
ibarətdir.

Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində
gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik
absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara
çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və
predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə
davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil
etmək ideyası durur.

Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam/kurator
Erix Vaysdır (Erich Weiss). Hal-hazırda o, Kasseldə keçirilən
“Documenta fifteen” sərgisində ekspozisiya meydançasının
koordinatoru kimi fəaliyyət göstərir.

Mişel Fransua(d.1956, Belçika) Brüsseldə yaşayır və
fəaliyyət göstərir. Onun konseptual təcrübəsinə müxtəlif medialar
daxildir, o cümlədən: heykəltəraşlıq, video, fotoqrafiya,
poliqrafik materiallar, rəsm və instalyasiya. “Arte Povera”
cərəyanının rəssamlarının metoduna bənzər Fransua da görünüşcə
mürəkkəb olmayan obyektlərin və materialların, yaxud keçmiş
hadisələrin izlərinin dərin rezonanslı məna daşıyıcılarına
çevrilməsi üçün vasitələrdən böyük qənaətlə istifadə edir. Onun
yaradıcılığına səbəb və nəticənin araşdırılması, həmçinin yaradıcı
yolların tərtibatı zamanı sadə jestlər vasitəsilə obyektin
vəziyyətini dəyişdirmək və ya mühüm nəticələrə malik olması
üsulları kimi baxıla bilər. O, öz layihələrini Havana Biennalesində
(2015), 48-ci Venesiya Biennalesindəki Belçika Pavilyonunda (1999),
22-ci San-Paulu Biennalesində (1994) və Kasseldə “IX Documenta”-da
(1992) təqdim etmişdir. Onun Birminhemdə “Ikon” Qalereyasında,
Nyu-Yorkda Dia İncəsənət Mərkəzində, Gentdə “S.M.A.K”-da,
Barselonada Joana Miro Fondunda, Berndə “Kunsthalle”-də, Münhen
İncəsənət Evində fərdi sərgiləri olmuşdur. O, Rio-de-Janeyro Müasir
İncəsənət Muzeyində, Taypey İncəsənət Muzeyində, Metsdə Pompidu
Mərkəzində, Parisdə “Jeu de Paume” Mərkəzində, Münhen İncəsənət
Evində, Parisdə Pompidu Mərkəzində və Brüsseldə Hermes Fondunda
təşkil edilmiş qrup sərgilərində iştirak etmişdir.

“İNSƏN”, CHINGIZ-in şəxsi təcrübə
prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini
işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının
prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda
olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və
prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi
və nəfəsi ilə yaşayan/dəyişən İnsan və onun əməlləridir.

Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks
təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif
situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun
ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində
fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas
iştirakçısı və performeri insanın özünün olmasını vurğulayır.

Layihəni avtobioqrafikləşdirən rəssam, şəxsi məkan prinsipini
emalatxana prototipində inkişaf etdirərək, onu əhatə edən
reallıqdan bəhs edir. Sərgi, insanların müxtəlifliyini
vurğulayaraq, həm də eyni insanın təkrarlanan həyat
situasiyalarında özünü başqa cür aparmasını bildirir, həmçinin onun
individual və ziddiyyətli xasiyyətləri haqqında danışır…

Sərgi, CHINGIZ-in formalaşmasına əhəmiyyətli təsir göstərmiş
atası Tofiq Babayeva həsr olunur. Sərginin kuratoru Fərəh
Ələkbərlidir.

CHINGIZ (Çingiz Babayev, d.1964, Azərbaycan)
heykəltəraş, rəssam, dizayner, nəzəriyyəçi, şair və filosof.
Onun yaradıcılıq təcrübəsi rəngkarlıq, qrafika, heykəl, kollaj,
strit-art, instalyasiya, performans, video-art və digər fərqli
mediaları özündə birləşdirərək, müxtəlif ideyaların həyata
keçirilmə imkanlarını araşdırır. CHINGIZ-in əsərləri Bakı Müasir
İncəsənət Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, “Vahid
Kooros” kolleksiyasında, həmçinin Rusiya, Ukrayna, Vyetnam, ABŞ,
Böyük Britaniya, Avstriya, İtaliya, Estoniya, Fransa, Polşa,
Finlandiya, Norveç, İsveçrə, Dominikan Respublikası, Qırğızıstan və
İranın şəxsi və muzey kolleksiyalarında saxlanılır.

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət
Bayrağı Meydanı)

Sərginin tarixləri: 17 mart – 4 oktyabr,
2022

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar,
saat 12:00 – 20:00

Giriş COVID pasportu ilədir.

Teqlər: