YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb (FOTO)

Bu gün Azərbaycan siyasi mühitinin ən güclü, monolit və
mütəşəkkil qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP)
möhtəşəmliyinin bariz təzahürü məhz onun cəmiyyətin bütün
sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Yarandığı gündən
sözü ilə əməlinin birliyi, tutduğu yola sadiqliyi YAP-ın
sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da
zənginləşməsində özünün aydın ifadəsini tapır. Hazırda sıralarında
800 minə yaxın üzvü birləşdirən YAP cəmiyyətin avanqard qüvvəsi
kimi bütün proseslərin mərkəzində dayanır, milyonların partiyası
imicini daha da möhkəmləndirir. Bu inkişaf partiyanın hər bir rayon
və şəhər təşkilatının fəaliyyətində də özünü qabarıq şəkildə büruzə
verir.

Sıralarında 18 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan
Partiyası Xətai rayon təşkilatının üzvlərinin, eyni zamanda, ərazi
partiya təşkilatlarının sayının artması da bu baxımdan
diqqətçəkəndir. Belə ki, mayın 26-da YAP Xətai rayon təşkilatı
ərazi partiya təşkilatlarının sırasına daha biri də əlavə olunub.
28 – May Müstəqillik Günü ərəfəsində Xocalı prospekti 15 ünvanı
üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində
uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan,
tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultaydan
sonra partiyanın həyatındakı yeniliklərdən geniş bəhs edib.
Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu
öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin
partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla
yanaşı, özünün real həyatda təsdiqini tapıb: “Ulu öndər Heydər
Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 18 ildən
artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə
uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi
təşkilatı olan YAP-ın təsis olunmasının 30 illiyi ərəfəsindəyik. 30
illik zəngin yol partiyanın həyatında biri-birindən əhəmiyyətli
tarixi hadisələrlə müşayiət olunur. 30 ildə əldə olunan təcrübə,
möhkəm təməl gələcəyə daha böyük əminliklə irəliləməyə əsas verir.
Heydər Əliyev ideyalarının fəal təbliğatçısı olan YAP-ın hər bir
üzvü yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın bu
məqsədlərə yüksək səviyyədə nail olmasına öz töhfəsini verməyə səy
göstərir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil
olunmaq böyük şərəf və məsuliyyətdir.”

Vüqar Rəhimzadə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil
Azərbaycanın möhtəşəm uğurlarından da geniş bəhs edib: “Son 18
ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün
istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev sözün
əsl mənasında Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi inkişaf
səviyyəsinə qaldırdı. Bu gün Azərbaycan qalib ölkə kimi regionda və
dünyada fəal mövqeyə malikdir. Yeni reallıqların diktə etdiyi
əməkdaşlıq formatlarının müəllifi Azərbaycandır. Son 18 ildən artıq
dövrün uğurlarının zirvəsində tarixi Zəfərimiz və işğaldan azad
edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri dayanır. Bu gün əsas
hədəfimiz Böyük Qayıdışdır. Azərbaycanın daxilində baş verənlər-
əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata
keçirilən layihələr, qəbul olunan Dövlət proqramları, imzalanan
fərmanlar, sərəncamlar, siyasi sabitlik ölkəmizin dünya
birliyindəki yerini daha da möhkəmləndirir. Bu uğurların bələdçisi
olan Yeni Azərbaycan Partiyası hazırda qəbul etdiyi yeni
Nizamnaməyə və təsdiqlədiyi Proqrama uyğun olaraq fəaliyyətini daha
da təkmilləşdirir, yeniləşdirir.”

Daha sonra təşkilati məsələyə baxılıb. Elgiz Dadaşov yeni
yaradılan ərazi partiya təşkilatının sədri, Əhməd Bayramov isə sədr
müavini seçiliblər.

Teqlər: