Xocalı soyqırımının 30 illiyi ilə bağlı gənclərin iştirakı ilə silsilə tədbirlər keçiriləcək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya
ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı
soyqırımının 30-cu ildönümü münasibəti ilə Gənclər Fondunun dəstəyi
ilə müxtəlif formatlı tədbir və layihələr təşkil olunacaqdır.

Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və
rayonda fəaliyyət göstərən nümayəndəlikləri və Naxçıvan Gənclik
Mərkəzində keçiriləcəkdir. Nümayəndəliklər tərəfindən rayon
ərazisindəki Xocalı abidələrinin və Şəhidlər xiyabanlarının ziyarət
edilməsi, rəsm, inşa, bədii qiraət müsabiqələrinin, Xocalı
faciəsini əks etdirən rəsmlərdən ibarət sərgilərin, fləşmobların
təşkil edilməsi nəzərdə tutulmuşdur. GİKM nümayəndəliklərində,
həmçinin “Fəryad”, “Ümid ocağı”, “Zamanın faciəsi”, “Xoca”, “Dolu”,
“Sonsuz dəhliz”, “Qırmızı qar” və digər filmlərinin nümayiş
etdirilməsi, Xocalı faciəsinə həsr edilmiş teatr tamaşasının
canlandırılması, “Xocalı faciəsi insan hüquqları müstəvisində” adlı
tədbirin və gənclərlə tarixçilərin, faciə şahidlərinin görüşlərinin
keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, gənclər təşkilatları və könüllü hərəkatları,
tələbə-gənclər təşkilatları tərəfindən paytaxtda və regionlarda
Gənclər Təşkilatlarının Resurs Mərkəzi və ali təhsil
müəssisələrində Xocalı soyqırımı şahidləri ilə görüşlər, film
nümayişləri, fləşmoblar və digər layihələr nəzərdə tutulmuşdur.

Eyni zamanda, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
(ASAP) vasitəsilə xarici ölkələrin aparıcı təhsil müəssisələrində
Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçiriləcəkdir.

Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının
strateji hədəflərindən biri Xocalı soyqırımı ilə bağlı məhz
gənclərin maarifləndirilməsidir.

Yuxarıda sadalanan fəaliyyətlərə qoşulmaq istəyən gənclər
[email protected]
[email protected] elektron poçtlarına müraciət edə
bilərlər.

Xocalı soyqırımı ilə bağlı materiallardan istifadə edən zaman
Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/)
istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə
bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə
məlumatları, həmçinin tədbirin keçirilməsinə lazımi dəstək ilə
bağlı müraciəti [email protected]
elektron poçt ünvanına göndərmək mümkündür.

Teqlər: