Xocalı soyqırımı XX əsrin dəhşətli faciəsidir – Kamaləddin Qafarov

“Xocalı faciəsi bəşər tarixində insanlıq əleyhinə törədilən ən
amansız soyqırımlarından biridir. Ötən iki əsr ərzində ermənilər
Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları
zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət
əməlləri törədiblər. XX əsrin sonunda törədilmiş Xocalı qətliamı
sadəcə Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, bütün
bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz
amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın,
Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada
durur”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili
bildirib ki, Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il
fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar
qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək
mahiyyətinin açıqlanması, beynəlxalq ictimaiyyətdən erməni
terrorizminə qarşı təsirli tədbirlərin görülməsi tələb olundu.
Qəbul edilmiş qərara əsasən, erməni təcavüzkarları tərəfindən
törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı
Soyqırımı Günü kimi qeyd olunur.

Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də
imzaladığı sərəncama əsasən, hər il fevral ayının 26-sı saat
17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda
qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın,
63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan
aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25
uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların
150-sinin taleyi indi də məlum deyil.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan bu təxribat və
vəhşiliklərə birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad
etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük
şücaət və yüksək döyüş hazırlığı göstərərək cəmi 44 gün davam edən
döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət
ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ
müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə
ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının
qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün
şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu Qələbə ilə
Azərbaycan həm də bütün Cənubi Qafqaz regionu ölkələrini və
xalqlarını erməni faşizmi kimi böyük bir bəladan qurtardı. Artıq
erməni qəsbkarları bu müharibənin nəticələrindən ibrət götürməli və
bundan sonra nə əllərini, nə də gözlərini özgəsinin torpaqlarına
tərəf yönəltməməli və öz terrorçu əməllərindən birdəfəlik əl
çəkməlidirlər.


Bu gün Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınması
Azərbaycan diplomatiyasının, şəxsən Ölkə Prezidenti cənab İlham
Əliyevin müstəsna xidmətləri nəticəsində mümkün olmuşdur.

Millət vəkili demişdir:”Xocalı qətliamı ilə bağlı həqiqətlərin
bütün dünyaya çatdırılması və günahkarların layiqli
cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilən hücum diplomatiyası və tarixi siyasət
öz nəticələrini verir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika,
Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan,
Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda
törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini
tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya,
İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının
icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi
qiymətləndirərək qətiyyətlə pisləyiblər. Hər il dünyada Xocalı
faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan
ölkələrin sayı artır. Lakin bu gün bizim bütün bəşəriyyət
qarşısında borcumuz ondan ibarətdir ki, ermənilərin Xocalıda və
ümumilikdə 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları
bütün ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında həqiqətləri
olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqda davam edək. Biz bundan
sonra da bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.

Teqlər: