Xocalı Soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı
Səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən biri hesab olunan
Müslim İnstitutu ilə birgə Xocalı Soyqırımının 30-cu ildönümünə
həsr olunmuş “Soyqırım və etnik təmizləmə: Bəşəriyyətə qarşı
cinayət” adlı seminar və foto-sərgi təşkil edib.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, tədbirdən öncə
Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən foto-sərgiyə
baxış keçirilib.

Seminarda Pakistanın milli qida təhlükəsizliyi və araşdırmalar
üzrə federal naziri Seyid Faxar İmam və iqtisadi məsələlər üzrə
federal naziri Ömər Əyyub Xan ali qonaq qismində, habelə ali təhsil
ocaqlarının rəhbərləri, səfirlər, müxtəlif təhsil müəssisələrinin
tələbə-müəllim heyətləri, eləcə də kütləvi informasiya vasitələri
və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən və Xocalı
soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsindən sonra Müslim İnstitutunun direktoru Sahibzadə Sultan
Əhməd Əli seminarı giriş sözü ilə açaraq Xocalı Soyqırımının ağır
nəticələri haqqında müfəssəl məlumatı tədbir iştirakçılarının
diqqətinə çatdırıb. Bu əsnada o, Azərbaycan xalqı ilə həmrəyliyini
ifadə edərək Xocalı qurbanlarının əziz xatirəsini yad edib.

Daha sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər
Fərhadov çıxış edərək Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan
silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu
ildönümünün anıldığını qeyd edib. Xocalı soyqırımı haqqında ətraflı
məlumatı iştirakçıların diqqətinə çatdıran səfir X.Fərhadov, bu
soyqırımın təkcə Azərbaycana qarşı yox, insanlığa və bəşəriyyətə
qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu xüsusi
vurğulayıb.

Çıxışı əsnasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
Xocalı soyqırımının mahiyyətini üzə çıxardığını bildirən səfir məhz
ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Azərbaycan
Respublikası Milli Məclisinin bu cinayətə hüquqi və siyasi qiymət
verən xüsusi sənəd qəbul etdiyini bildirib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!”
beynəlxalq kampaniyasına toxunan X.Fərhadov bu istiqamətdə Fond
tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və
Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və
müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi
tanındığını qeyd edib.

Çıxışı zamanı səfir Ermənistan tərəfindən Azərbaycanın dinc
əhalisinin məqsədyönlü şəkildə hədəfə alınmasının Vətən müharibəsi
zamanı da davam etdirildiyini vurğulayıb, döyüşlərin getdiyi
ərazilərdən uzaq məsafədə yerləşən ölkəmizin Gəncə, Bərdə və Tərtər
kimi şəhərlərinin mülki əhalisi və infrastrukturunu məqsədli
şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni
terror taktikasına əl atdığını diqqətə çatdırıb.

Eyni zamanda Xəzər Fərhadov Azərbaycana qarşı təcavüzü zamanı
Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət
daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Səfir Azərbaycanın beynəlxalq hüquq və normalarına əsaslanan
mövqeyini hər zaman dəstəklədiyinə görə Pakistan və Türkiyə
hökumətləri və xalqlarına təşəkkürünü bildirib və Xocalı faciəsinin
qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın
milli qida təhlükəsizliyi və araşdırmalar üzrə federal naziri Seyid
Faxar İmam və iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan
26 fevral 1992-ci il tarixində Xocalı şəhərində Ermənistan
tərəfindən məqsədli şəkildə insanlığa qarşı amansız cinayətlərin
törədilidiyini xüsusi vurğulayıblar. Nazirlər Xocalı və Kəşmirdə,
eləcə də dünyanın digər bölgələrində insanlığa qarşı törədilmiş bu
kimi cinayətləri pisləyib və müsəlman ölkələrinin lehinə olan BMT
qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq, beynəlxalq
təşkilatlar və bəzi böyük dövlətlərin bir çox məsələlərə ikili
standartlar prizmasından yanaşdığını təəssüflə qeyd ediblər.
Nazirlər 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad
edərək ədaləti bərpa etdiklərini xüsusi vurğulayıb, Xocalı
qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa
Yurdakul və Kayde Azam Üniversitetinin rektoru Məhəmməd Əli Şah
Azərbaycan xalqı ilə həmrəy olduqlarını və Xocalı soyqırımı
qurbanlarının xatirəsini hörmətlə yad etdiklərini bidirərək,
Xocalıda Ermənistan tərəfindən törədilmiş cinayətləri şiddətlə
qınayıblar. Onlar Pakistan və Türkiyənin hər zaman Azərbaycanla
birlikdə olduğunu və 3 qardaş ölkənin daima bir-birini
dəstəkləyəcəyini qeyd ediblər.

Tədbirdə həmçinin Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini
əks etdirən slayd şou nümayiş etdirilib, eləcə də mövzu ilə bağlı
əyani materiallar iştirakçılar arasında paylanıb.

Pakistan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan
seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi
informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Teqlər: