Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.

AzerTimes-ın məlumatına görə,
paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti
dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və
qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai
rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət
edərək şəhidlərin xatirəsini ehtiramla anır, abidənin önünə
əklillər qoyur, qərənfillər düzürlər. Təhsil müəssisələrində ilk
dərslər bu faciəyə həsr olunub. Respublikamızın bütün şəhər və
bölgələrində, xarici ölkələrdə anım mərasimləri keçirilir.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275
nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı
qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin
taleyi hələ də məlum deyil.

Teqlər: