Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)

“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində
Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyi
tərəfindən Strasburq şəhərində yerləşən tarixi “Motsart ” konsert
salonunda 2022-ci il fevralın 25-də Xocalı soyqırımının 30-cu
ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Avropa
Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun
akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, habelə
Azərbaycan diasporu təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan
Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli
də iştirak edib.

Mərasimin açılış qeydlərində Azərbaycanın Avropa Şurası yanında
daimi nümayəndəsi Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan
Xocalı soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən qadın, uşaq və
ahılların amansızlıqla qətlə yetirildiyini və 30 il əvvəl bu qanlı
cinayəti törədənlərin hələ də ədalət mühakiməsinə cəlb olunmadığını
xatırladıb. F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə
bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən
həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat
kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb və Strasburqdakı anım
mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu
qeyd edib.

Daimi nümayəndənin müraciətinin ardınca Xocalı soyqırımının
günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları
tərəfindən bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə əsas natiq qismində çıxış edən Milli Məclisin Sədrinin
birinci müavini Əli Hüseynli Azərbaycan xalqının 1992-ci ildə
üzləşdiyi Xocalı soyqırımı kimi ağır faciənin anım mərasiminə
qatılmış ölkəmizin Fransalı dostlarına öz təşəkkürünü ifadə edib,
bu qanlı qətliam barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılmasında o cümlədən Fransadakı dostlarımızın
xidmətlərini qeyd edib və Xocalı qurbanlarına ədalətin tələb
edilməsi yolunda mütəşəkkil fəaliyyətlərin vacibliyini vurğulayıb.
Ə.Hüseynli həmçinin Vətən müharibəsi nəticəsində Azərbaycan
Respublikasının Ali Baş komandanı, Prezident İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan torpaqlarının Ermənistanın işğalından
azad edildiyini xatırladıb və ötən dövrdə Fransalı deputat
həmkarlarının törədilmiş dağıntılarla yerində tanış olmaq imkanı
qazanması barədə məlumat verib. O, çıxışını Prezident İlham
Əliyevin “Biz Xocalı soyqırımını heç zaman unutmayacağıq” fikirləri
ilə tamamlamışdır.

Nəhayət, məhz Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr
olunmuş “Xocalı 613” əsərinin bəstəkarı Pyer Tiloy çıxış edərək,
uzun illər boyu ölkəmiz və Azərbaycandakı dostları ilə dərinləşən
münasibətlər fonunda onların sevinci ilə yanaşı qüssələrini
bölüşməyə başladığını bildirib. Məhz Xocalı yaraları və acılarını
musiqi vasitəsilə Fransa ictimaiyyəti və beynəlxalq aləmə çatdırmaq
üçün “Xocalı 613” əsərini bəstələdiyini və onu özünün ən mühüm
əsəri hesab etdiyini açıqlayıb.

Çıxışların ardınca Fransada fəaliyyət göstərən “Mobius” qrupunun
istedadlı gənc musiqiçiləri tərəfindən anım konserti ifa olunub.
Konsertdə digər bəstəkarlarla yanaşı Fikrət Əmirov və Qara
Qarayevin əsərləri, habelə “Xocalı 613” əsəri ifa edilib.

Bundan əlavə, konsert zalında Xocalı soyqırımından bəhs edən
foto şərgi nümayiş etdirilib.

Teqlər: