Xızıda qadın paltarı geyinərək sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xızı Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs, Sitalçay
kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və
sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları
barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən
məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları
tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri
nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin
sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də,
sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon
sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın
geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü
dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə
qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.

Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini
etiraf ediblər.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adları sadalanan şəxslərdən zərər çəkmiş şəxslər
DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 226-54-54 mobil
nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.

Teqlər: